Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN YENİ TAKSİÇİ FƏNDİ İŞƏ DÜŞÜR

ZİYA MƏMMƏDOVUN YENİ TAKSİÇİ FƏNDİ İŞƏ DÜŞÜR


24-09-2012, 10:14
ZİYA MƏMMƏDOVUN YENİ TAKSİÇİ FƏNDİ İŞƏ DÜŞÜR

NN ŞEFİ İSTEFA VERƏNLƏRİ GERİ QAYTARMAĞIN YOLLARINI AXTARMAQDADIR

DİA.AZ: - Bir neçə gün əvvəl məlum oldu ki, bir qrup yeni «London taksiləri»nin sürücüsü onlara qoyulan iş rejimi şərtlərinə etiraz edərək maşınlarının açarlarını rəhbərliyə təhvil veriblər. Xatırladaq ki, «London taksiləri» projesi nəqliyyat naziri Ziya Məmmədova aid olduğundan bu gün sözügendən mövzu NN şefi üçün olduqca həssasdır.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatların birində vurğulanırdı ki, «London taksiləri»ndə işləməkdən imtina edənlərə NN müfəttişləri tərəfindən təzyiqlər edilir və onlar «sizə bir daha taksi fəaliyyəti üçün lisenziya verilməyəcək» kimi hədələrlə təhdid olunurlar.

İndi isə aydın olur ki, bu məsələnin mətbuatda böyük ajiotaj yaratdığını görən NN şefi fərqli üsullara müraciət etmək fikrinə düşüb. Taksi sürücülərindən birinin sözlərinə görə, artıq rəhbərlik planı azaltma qərarını verib: «Bizə bildirdilər ki, yanvar ayına qədər qalıb işləyək və yanvar ayının 1-dən etibarən plan yarıbayarı azalacaq».

Amma həmsöhbətimiz bizə maraqlı bir məqamı da açıqladı: «Əslində heç nə dəyişməyəcək. Çünki bu il yüksək planların qarşılığında Bakı şəhəri qonaqlı-qaralı oldu. «Avroviziya» yarışması, indi də futbol çempionatı bir balaca planın ağırlığını hiss etdirmədi. Amma gələn il belə bir tədbir yoxdur. Yəni planın azaldılacağı təqdirdə belə vəziyyətimiz dəyişməyəcək. Çünki əsas müştərilərimizi itiririk».

Mövzu diqqətimizdədir. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt