Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "PRAVA"LARA GÖRƏ RÜŞVƏT VERMƏYİN
"PRAVA"LARA GÖRƏ RÜŞVƏT VERMƏYİN26-09-2012, 10:18 |
"RÜŞVƏT İSTƏSƏLƏR, DƏRHAL DYP-YƏ MÜRACİƏT EDİN" Son illər ağlagəlməz templə artan yol qəzaları cəmiyyət üçün dəhşətli nəticələr verməkdədir. Təkcə bu ilin 6 ayı ərzində ölkə üzrə 436 nəfər insan avtomobil qəzasının qurbanı olub, 1361 nəfər yaralanıb. Bakı şəhərində baş vermiş 532 avtomobil qəzasında isə 147 nəfər həlak olub, 584 nəfər yaralanıb. Müşahidəçilər son zamanlar artan yol qəzalarını maşın sahiblərinin qeyri-qanuni yolla sürücülük vəsiqəsi almaları ilə əlaqələndirirlər. Avtomobilin idarə edilməsində təcrübəsi məhdud olan şəxslər “arxa qapıdan” sürücülük vəsiqəsi alaraq, sonradan potensial insan qatilinə çevrilirlər. Bəs görəsən qeyri-qanuni yolla sürücülük vəsiqəsini necə alırlar? Maraqlıdır ki, Dövlət Yol Polisi İdarəsi rüşvətlə sürücülük vəsiqəsi almağın qeyri-mümkün olduğunu bildirir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az saytına açıqlamasında bildirib ki, sürücülük vəsiqəsi almaq üçün kimdən rüşvət tələb olunursa, həmin vətəndaş onlara ərizə ilə müraciət etsə yaxşı olar. “Bütün bunlar söz xətrinə deyilir. Qoy sürücülük vəsiqəsi üçün pul istənilən adam bir dəfə müraciət etsin ki, ondan sürücülük vəsiqəsinin verilməsi müqabilində bu qədər pul istənilib”- deyən K.Əliyev elə şayiələrin sürücülük imtahanı verə bilməyən adamlar tərəfindən yayıldığını vurğulayıb. “Camaat özündə bir qüsur axtarmamaq üçün nə gəldi danışır. Özü günahkar olmasın deyə, hamı eşitdiyini deyir. İnsanlar sürücülük vəsiqəsi almaq üçün, kompüterin arxasında oturub imtahan verirlər. Kompüter özü müəyyən edir ki, həmin adam imtahanı verdi, ya yox”-deyə narazılıq edən polis rəsmisinin fikrincə, dəfələrlə imtahandan kəsilən vətəndaşların narazılıq edəndə imtahan cavabları özünə təqdim olunub. “Qanunu yaxşı bilən adamın, heç bir problemi olmur. Elə adam demir ki, kompüterdə filan sual və ya şəkil düz qoyulmayıb”. Şöbə rəisinin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması üçün dövlət rüsumu ödənilir: “Sürücülük vəsiqəsinin dəyər qiyməti var. Ola bilsin ki, kimsə səhv salır və elə bilir ki, sürücülük vəsiqəsi pulsuz verilir. İmtahanın verilməsi ilə bağlı heç kim deyə bilməz ki, kimsə ondan pul istəyib”. K.Əliyevin sözlərinə görə, imtahan vermək üçün dövlət rusumu müəyyən olunub. “İmtahanların qəbul edilməsi 20 manat, sürücülük vəsiqəsinin dövlət rüsumu isə 15 manatdır”-deyə K.Əliyev vurğulayıb Geri qayıt |