Əsas Səhifə > Reklam, Güney Press > AZAL Bakı-Pekin-Bakı reyslərinin sayını artıracaq
AZAL Bakı-Pekin-Bakı reyslərinin sayını artıracaq17-10-2024, 09:40 |
“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı reyslərinin sayını artırmağı planlaşdırır. dia-az.life bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, aviaşirkətin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında aviadaşımaların inkişafı müzakirə edilib, həmçinin iki ölkə arasında sərnişin axınının artmasının müsbət dinamikası vurğulanıb. Tədbirdə qeyd olunub ki, hazırda AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir. Bununla yanaşı, 2025-ci ildən etibarən bu marşrut üzrə uçuşların tezliyinin həftədə üç dəfəyə çatdırılması planlaşdırılır ki, bu da sözügedən istiqamətdə artan tələbatın ödənməsinə zəmin yaradacaq. Bundan əlavə, tərəflər AZAL-ın Çinə uçuş coğrafiyasının daha da genişləndirilməsi perspektivlərini, Quançjou və Şanxay kimi böyük şəhərlərə aviareyslərin açılması imkanlarını müzakirə ediblər. Bu, həm ölkələr arasında əməkdaşlığı gücləndirəcək, həm də sərnişinlər üçün əlavə imkanlar açacaq. Bakının Çin və Avropa arasında mühüm tranzit mərkəzi kimi roluna xüsusi diqqət yetirilib. Aviadaşımaların inkişafı həm turist axınının artmasına, həm də Azərbaycanın beynəlxalq sərnişin və yük daşımalarında tranzit rolunun gücləndirilməsinə töhfə verəcək. Geri qayıt |