Əsas Səhifə > Üst manşet, Güney Press > Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ...
Nəcəflinin xalqla GİZLİ GÖRÜŞLƏRİ...Bu gün, 08:03 |
Noyabrın 27-də Fuad Nəcəfli Babək rayonunda vətəndaş qəbulu keçirsə də, sakinlərin bundan xəbəri olmayıb. Digər qəbullarda olduğu kimi, bu dəfə də yerli icra hakimiyyəti onunla görüşə əvvəlcədən seçilmiş və təlimatlandırılmış „şikayətçilər“i salıb. Bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat veriblər. Onlar deyirlər ki, görüşdən təsadüfən xəbər tutan şikayətçilər qəbula düşmək istəsələr də, polislər buna imkan verməyiblər. Rayon sakini Adil Məmmədov deyir ki, bu görüş şikayətçiləri dinləmək yox, gözə kül üfürmək üçün təşkil olunubmuş: “İşləri düşəndə icra nümayəndələrinə tapşırıq verirlər hamını çağırıb yığır. Bu cür görüşləri isə, heç kimə demirlər. Bu vətəndaşları qəbul etmək deyil, gözə kül üfürməkdir. Gəlib 5-3 öyrədilmiş adamla görüşüb, şəkil çəkdirib gedirlər. Babəkdə hər kəsin problemi var. Yaxşı olar ki, kəndləri gəzib hal-əhval tutardı. Görüş niyə icra hakimiyyətində xəlvəti olmaldır ki?. Heç kimə deməyiblər. Mən də eşidib, getdim. Qəbul olduğunu təsdiqlədilər. Amma, içəri girib, sözümü deməyə, şikayətimi səsləndirməyə imkan vermədilər”. Adının çəkilməsini istəməyən Babək rayon Nehrəm sqəsəbə sakini də səlahiyyətli nümayəndənin Babək rayonunda vətəndaşları qəbul etməsindən xəbərsiz olduğunu bildirir: “Naxçıvanın ən böyük qəsəbələrindən biri Nehrəmdir. Səlahiyyətli nümayəndənin Babəkdə vətəndaşları qəbul etməsindən heç kimin xəbəri olmayıb. Nehrəmlilər hər zaman sözünü deyən olublar. Gəlsin Nehrəmə, deyəcək sözümüz çoxdur. Gec xəbər tutdum, getdim icraya, dedilər ki, qəbul qurtarıb. Nəyə görə caamatın içinə çıxmaqdan çəkinirlər. Çıxsınlar da caamat içinə. Açıq görüş keçirsinlər, caamat da sözünü desin. Əhalinin hamısı başçı Ovni Muradovdan gileylidir. İcra hakimiyyətində qəbul olursa, o istəyərmi vətəndaşlar ondan səaliyyətli nümayəndəyə şikayət etsin? Əlbəttə, yox. Yəqin Fuad Nəcəflinin özü də bu cür istəyir. Bir neçə gündür rayonları gəzir. Hələ heç kimin problemi həll olunmayıb. Çünki xüsusi adamlarla görüşüb, şəkil çəkdirib, gedir. Adı da olur qəbul”. Fuad Nəcəfli bundan öncə Şahbuz, Kəngərli, Sədərək və Şərur rayonlarında da şikayətçiləri qəbul etmək adı ilə görüşlər keçirib. Yerli sakinlərin verdikləri məlumata görə, bu rayonlarda da şikayətçilər yox, icra hakimiyyətlərinin əvvəlcədən seçdiyi, təlimatlandırılmış şəxslər iştirak ediblər. Şərur rayonunda ona qarşı keçiriləcək etiraz aksiyasının qarşısı isə, polisin tədbirləri nəticəsində alınıb. Geri qayıt |