DİA.AZ: - Redaksiyamıza yazan Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı sözügedən rayonun rəhbərliyindən giley edir. Narazı vətəndaş DİA.AZ-a göndərdiyi müraciətində bildirir:
"Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev, məhkəmə sədri Tahir Qubadov əlbir olub sovetlər dövründən yaşadığımız kasıb komamızdan ailəmizi çıxarıb çölün düzünə atmışdılar. Belə ki, həyat yoldaşım Mehdiyev Sarəncin valideyinləri sovetlər dönəmində Məlikmudlu kəndinin kolxoz fermasında atası çoban və anası sağıcı işləyiblər. Buna görə də onlar fermanın işçiləri üçün nəzərdə tutulmuş çoban evində yaşayıblar. Həyat yoldaşım Sarənc Mehdiyev həmin fermanın çoban evində doğulub. Mən də həmin evə gəlin gəlmişəm. Orada iki uşaqlarımız doğulub. Sovet qurluşu dağıldıqdan bir müddət sonra həmin fermanın çoban evi qaynatam Mehdiyev Nəsrəddin Nəsir oğluna əmlak payı kimi verilmişdir ki, buna dair sənədlər də var. Bundan sonra biz həmin ərazidəki torpaqdan istifadə etmək üçün Məlikmudlu bələdiyyəsi ilə icarə müqaviləsi bağladıq ki, bunun da sənədi var".
Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Zərdab rayonun icra başçısının sabiq müavini Tofiq Abdullayev bələdiyyə ilə əlbir olub saxtakarlıq edərək bizim əmlakın yerləşdiyi torpağı həyat yoldaşı Abdullayeva Nüşabə Ağalar qızının adına 25 illik icarə müqaviləsi bağlatdırıb. Bundan sonra bizim həmin torpağı zəbt etməyimizi əsas gətirərək Zərdab rayon məhkəməsində iddia qaldıraraq oradan məcburi çıxarılmağımızı xahiş etmişdi. Məhkəmə sədri Tahir Qubadov tez-tələsik başdan-sovdu qətnamə çıxarıb, iddianı təmin etmişdi. Hətta Zərdab rayon məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququmuzun məhdudlaşdırılması üçün həyat yoldaşımı 16 may 2016-cı il tarixdə şərləyib 20 günlük inzibati həbs etdilər. Guya həyat yoldaşım Tofiq Abdullayevin çobanına qarşı xuliqanlıq edib".
Zərdab sakini adından DİA.AZ-a daxil olan müraciətin davamında qeyd olunur: "Bu şərləməni isə məhkəmə sədri Tahir Qubadovun tapşırığı ilə ediblər ki, saxta qətnamədən apellyasiya şikayəti verə bilməyək. Həyat yoldaşım həbsdən çıxan kimi qətnaməni və sənədləri vəkil Əlayif Həsənova verdi. O, isə qarşı tərəfdən maraqlarını qoruyaraq bizi aldatdı, "sabah-sabah" deyə-deyə apellyasiya şikayətini müddət ötəndən sonra yazıb həyat yoldaşıma verdi. Buna görə də məhkəmə müddətin ötməsini əsas gətirib, apellyasiya şikayətimizi əsassız hesab etdi.
Beləliklə bir ailənin qanunu evini əlindən almaq üçün saxtakarlıqla çıxarılmış qətnamə qanunu qüvvəsini aldı. Bundan sonra icraçılar və polislər saxtakarlıqla çıxarılmış məhkəmə qətnaməsinə əsasən bizi evimizdən çıxartdılar. Evimizin həyətində yerləşən mal-qoyun tövləsini, toyuq hinini və tualeti dağıtdılar. Hazırda ailəmiz çölün düzündə at arabasının içində qalırıq. Biz mal-qoyun, toyuq-cücə saxlayıb ailəmizi dolandırıdıq. Bu il 5 hektar pambıq əkmişik. İndi təsərrüfatımız dağlıb. Bu haqsızlığı Allahda götürməz ki, bunu bizim ailənin başına icra başçısı Lütvəli Babayev, məhkəmə sədri Tahir Qubadov və bələdiyyə sədri gətirdi. Saxta icarə müqaviləsi qanunu sənədlərimizi rüşvət hesabına üstələdi.
Tofiq Abdullayev uzun müddət vəzifələrdə işləyib. Bu müddət ərzində o saxtakarlıqla böyük torpaq sahələrinə sahib olub. Hazırda da Məlikmudlu bələdiyyəsi ilə 15 hektar torpaq sahəsinə dair icarə müqaviləsi bağlasa da, qanunsuz olaraq 60 hektar torpaq sahəsinə yonca əkdirib satmaqla məşğuldur. Həmin torpaqlarda pambıq əkilməsi zəruri olsa da, o yonca əkdirmişdir. Bələdiyyə sədri vergidən gəlir gizlətmək üçün icarə müqaviləsində saxtakarlıq edib 60 hektarı 15 hektar qeyd etmişdir. 2016-cı il tarixdə prezident İlham Əliyev Zərdab rayonuna səfər edən günü bizim şikayət etməyimizin qarşısını almaq üçün icra başçısı Lütvəli Babayevin göstərişi ilə həyat yoldaşımı və məni səhərdən-axşama kimi Zərdab Rayon Polis Şöbəsinin Təcridxanaslnda qanunsuz olaraq saxladılar.
Onu da qeyd edim ki, bizə əmlak payı kimi verilmiş həmin çoban evi çiy kərpicdən tikilmiş balaca çox-çox kasıb bir komadır. Gəlib bu evə baxan olsa bu haqsızlığı edən vəzifəli şəxslərə nifrət edər, üzünə tüpürər.
Biz zəhmətkeş kasıb insanlarıq, ümüdümüz Allaha, prezident İlham Əliyevə və Mehriban Əliyevayadır. Mətbuat vasitəsi ilə cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirk, bizim ailəyə qarşı edilmiş saxtakarlığı, qanunsuzluğun araşdırılıb bunu etmiş məhkəmə sədri Tahir Qubadovun, icra başçısı Lütvəli Babayevin və bələdiyyə sədrinin barəsində qanunu tədbirlər görəsiniz. Əlimizdən saxtakarlıqla alınmış evimizin özümüzə qaytarılmasına köməklik edəsiniz".
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...