Xətai rayonu, Fəzail Bayramov küçəsinin bir qrup sakini (Bakı Əyləncə Mərkəzi ilə üzbəüz) "Sahil D Kompany" firmasının rəhbəri İlham Qasımov və Ədilağa Hüseynovun qanunsuz əməlləri barədə bir sıra dövlət qurumlarına şikayət məktubu ünvanlayıblar. DİA.AZ xəbər verir ki, bir nüsxəsi Moderator.az-a daxil olan məktubla bərabər sakinlər eyni zamanda videomüraciət də göndəriblər.
Müraciəti oxucularımıza təqdim edirik. Sadəcə inanılmazdır ki, şəhərin göbəyində baş verən bu cür qanunsuzluğa göz yumulur və hətta medianın, telekanalların mövzunu işıqlandırmasına baxmayaraq hüquq mühafizə orqanları olayı sükutla qarşılamaqda davam edirlər.
Maraqlıdır ki, hələ də binanın zirəzimisində qanunsuz olaraq iki avtoyuma məntəqəsi (Moyka) və Fitnes zalı fəaliyyət göstərir, dəfələrlə sakinlər bu barədə aidiyyatı qurumlara şikayət ediblər. Həmin qurumların nümayəndələri əllərində qovluqlar əraziyə baş çəkərək zirzəmidə bu cür fəaliyyətin tamamilə qanunsuz olduğu barədə rəy bildirsələr də işbazlar hansısa "sehrli əl"in kəramətinə güvənərək ölkənin qanunlarını və yüzlərlə mənzil sahibinin hüquqlarını kobud şəkildə pozmaqda davam edirlər.
Maraqlıdır ki, bina sakinlərindən biri hətta Milli Qəhrəmandır. Ancaq onun da general paqonu və sinəsindəki qızıl ulduz belə hüquqlarının bərpa olunmasına kifayət etməyib.
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrədddin Cəbrayılov videomüraciətində çox maraqlı və ibrətamiz bir fikir də işlədib:
"Biz Azərbaycanın müvafiq qurumlarına müraciət edirik ki, İlham Qasımovun və Ədilağa Hüseynovun qanunsuz əməllərinə son qoyulsun və biz sakinlər bu binada adam kimi yaşayaq".
Biz də ümid edirik ki, gerçəkdən də gec də olsa ölkənin müvafiq qurumları 400-dən artıq mənzil sahibinin bir neçə il davam edən mübarizəsinə dəstək verəcəklər və minlərlə paytaxt sakinin adam kimi yaşamasına nəhayət şərait yaradılacaq.