Rəhim Rəhimlinin anası Firəngiz Rəhimova bir müddət əvvəl verdiyi müsahibədə Rəhimə məxsus mahnıların yoxa çıxdığını bildirmişdi.
“Sonuncu dəfə 7 mahnısı var idi. O da Nadir Nəğdpulda idi. İkisini aranjiman etmişdilər, elə də qalmışdı. İndi bilmirəm. Oğlum Anar hər dəfə zəng edib Nadirdən soruşur. Rəhim həmin mahnıları Nadirin musiqi alətində aranjiman edirdi deyə mahnılar onda qalmışdı” deyə müğənninin anası bildirib.
Moderator.az Rəhim Rəhimlinin mahnılarının izinə düşüb. Saytımıza açıqlama verən Nadir Nəğdpul bildirib ki, mahnılar ondadır, amma...
“Rəhimlə son 6 ili birlikdə çalışmışıq. Bütün arxiv materiallar məndədir. Rəhim Rəhimlinin sonuncu treki “Ağıllı ol” işıq üzü görüb, ölümündən bir neçə gün öncə radiolarda səslənib. Ölümü ilə bağlı olaraq bu mahnı mediada çox yayılmadı, mahnıya fikir verən olmadı. Mahnı bu günə qədər səslənir. Bir bəstəsi hazırdır, onu bu günlərdə ola bilsin ki, bəlkə Zara Rəhimli ifa etsin. O ifa etməyə də bilər, başqa müğənni də oxuya bilər. Mahnı aranjiman səviyyəsindədir. Bir mahnısı mənimlə birgə olan duetdir. Əslində iki dənədir. Bu mənim özümlə bağlıdır. Nə vaxt başlasam layihələrimi üzə çıxartmağa, o zaman da işıq üzü görəcək. Bir layihədə də adını çəkmək istəmədiyim üçüncü bir şəxs var. O şəxslə də mənim aramda anlaşılmazlıq yaranıb. Ona görə də layihəni dondurmuşuq. Mahnıların sayı 7-8 deyil. 7-8 ola bilərdi o halda ki, əgər qalan 3-4 aranjimanlar yazılmağa çatsaydı. Hazırda onlar minusovka aranjiman səviyyəsində qalıb, ifa yoxdur. Təəssüflər olsun ki, onları Rəhim yazdırmağa çatdırmadı. 3-4 layihə var. Müəyyən çətinliklər, problemlər olduğuna görə həmin mahnıları üzə çıxartmıram. Rəhimin ölümündən sonra səhnə fəaliyyətimdən uzaqlaşmışam. Özümü toplayıb sənətə qayıdandan sonra o layihə işıq üzü görəcək” deyə müğənni bildirib.