ATV telekanalında yayımlanan “Şirin çay” verilişində məşhurlara ünvanlanan “Eynşteyn kimdir” sualı ətrafında qalmaqal səngimək bilmir.
Axşam.az-ın məlumatına görə, hər kəs müğənnilərlə yanaşı, aparıcı Nicat Rəhimovun da onu tanımadığını bildirib. N.Rəhimov məsələ ilə bağlı açıqlama verib: “Mən Albert Eynşteynin kim olduğunu gözəl bilirəm. Verilişin formatına uyğun orada sualı fərqli formada ünvanladım. Bir az maraqlı və gülməli olsun deyə, cavabını söyləmədim. Çünki bu sual qonaqlarımıza bir neçə dəfə də veriləcək. Bəzi saytlar isə məni də Eynşteyni tanımamaqda, canlı yayımda səhv etməkdə günahlandırıb. Məqsədim maraqlı, yumoristik bir ab-hava yaratmaq idi”. Qeyd edək ki, proqrama qonaq olan müğənni Nadir Qafarzadə, Mətanət Əsədova və Rüfət Axundov suala fərqli cavablar verərək, Eynşteyni tanımadıqlarını bildiriblər.