"Yaxşı elədi, canı sağ olsun, mən bunu etməzdim"
Tarix: 14-02-2015, 10:46 |
Çap et
Mətbuatda bəstəkar-aparıcı Murad Arifin müğənni Ayaz Qasımovla aralarında anlaşılmazlıqlar yaşandığı qeyd olunub.
Xəbərdə o qeyd olub ki, M.Arifin ifa etdiyi “Tavla” türk mahnısına görə Ayaz Qasımovdan inciyib. Məlumatı dəqiqləşdirmək üçün M.Ariflə əlaqə saxladıq. O isə bu mövzuya bu cür aydınlıq gətirdi:
“Ayazdan qətiyyən inciməmişəm. Ümumiyyətlə, bu o qədər ciddi səbəb deyil ki, mən əsəbiləşim. Sadəcə, media adi bir şeyi şişirdib, qalmaqal səviyyəsinə çatdırmağı çox sevir. Məndən sonra onun “Tavla” mahnısına müraciət etməsinə münasibətimi soruşdular. Fikrim belədir ki, əgər bir həmkar hansısa mahnını oxuyub gündəmə gətirirsə, o işin tanınmasına maliyyə, əmək və vaxt xərcləyirsə, digər həmkarların da o mahnını oxuması doğru hərəkət deyil. Sadəcə, Ayazdan xahiş etdim ki, oxumasın. Ancaq oxudu. Nə deyəsən? Yaxşı elədi, canı sağ olsun. Mən bunu etməzdim. Amma arada inciklik və əsəb qətiyyən ola bilməz. Mən öz ifama və İsgəndər Paydaşın mənim üçün yığdığı aranjemanına güvənirəm”.