Əsas Səhifə > Şou-biznes > Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."
Aktrisa Xatirə Süleymanova: "Sevirəm, özü də iki nəfəri..."11-02-2015, 09:29 |
dia-az.life aktrisa Xatirə Süleymanovanın Milli.Az-a müsahibəsini təqdim edir: - Xatirə xanım, siz Azərbaycanda serial və filmlərə ən çox çəkilən aktrisalardan birisiniz. İndiyə qədər neçə serialda rol almısınız? - “Qaynana”, “Aramızda qalsın”, “Çaqqal nəfəsi”, “Son hədd”, “Göyçək Fatimə”, “Bir ailəm var”, “Həyat varsa”, “Həyat, sən nə qəribəsən” kimi seriallarda rol almışam. Bundan başqa, “Bakı, mən səni sevirəm” adlı bədii filmdə və “Sərkərdə ləyaqəti” sənədli filmində çəkilmişəm. - Sadaladığınız seriallardan sizə ən düşərlisi hansı oldu? Daha dəqiq desək, tamaşaçı sizi hansı serial vasitəsilə tanımağa başladı? - Yaradıcılığımda və tanınmağımda hər birinin öz rolu oldu. Amma “Həyat varsa” və “Bir ailəm var” serialı böyük tamaşaçı rəğbəti qazandırdı mənə. Rejissor Rüfət Şahbazov gənc olmağına baxmayaraq, çox mədəni və səviyyəli bir iş çıxartdı ortalığa. Bir də Adil Azayın “Son hədd” serialı çox xoş oldu mənim üçün. - Uzun illərdir ki, Sumqayıt Dram Teatrında fəaliyyət göstərirsiniz. Bakıdakı teatrlarda müqavilə ilə işləmək fikriniz olub? - Fikrim deyəndə ki, indiyə qədər işləməmişəm. - Dəvət almamısınız, yoxsa? - Xeyr, dəvət olmayıb. - Olsa, işləyərsiniz? - Qismətdən artıq yeməzlər. Bu, mənim həyatımda ən çox işlətdiyim kəlmədir. Allahın qismətindən qaçmaq olmur. İnşallah... - Qismətinizin hansısa bir hissəsindən gileylənirsiniz, yoxsa həmişə şükür etməyi bacaranlardansınız? - Əlbəttə, bacarıram. Şükür Allahın böyüklüyünə. Versə, nemətdir, verməsə, hikmət. Şükür bu günümə. Ən azından, hansısa bir el şənliyində, toyda, bayramda tamaşaçı sevgisini görüb-hiss edirəmsə, deməli, Allahın sevimli bəndəsiyəm. Mən bunu belə təhlil edirəm. - Bildiyimə görə, həyat yoldaşınız 16 il bundan öncə dünyadan köçüb. Allah rəhmət eləsin. Hansısa bir xəstəliyi var idi? - Bəli, həyat yoldaşımın ürəyi xəstə idi. Üç il ailəli oldum. O rəhmətə gedəndə oğlanlarımın birinin bir, o birinin isə iki yaşı var idi. İndi, maşallah, biri universitetdə təhsil alır, digəri də orta məktəbin son siniflərində oxuyur. O da ali məktəbə hazırlaşır. Uşaqlarım Allahın mənə verdiyi ən böyük mükafatdır, düşünürəm. Onlar mənim həyat simfoniyalarımdır. Allah eləməsin, onların pis sədaları gəlsə, onda pis bəstəkar olmuş olaram. - Ailəli olarkən aktrisa kimi fəaliyyət göstərirdiniz? - Xeyr, yoldaşım iş adamı idi. Mənim heç nəyə ehtiyacım yox idi. Teatrda işləmirdim. Uzun illər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində incsənət söbəsinin müdiri vəzifəsində çalışmışam. Həm də həyat yoldaşım qısqanc adam idi. Heç eyvana da çıxmağa icazəm yox idi. Onsuz küçəyə çıxdı söhbəti yox idi. Amma həyat... Üç ilin gəlini, iki körpə ilə “canavar həyat”la üz-üzə qaldım. Şükür Allaha, mənim sahibim oldu. Şükür oğullarıma, şükür bu günümə. Özüm özümə dayaq olmağım üçün Allah mənə qüvvət verdi. - Siz təcrübəli bir aktrisa kimi seriallarda olan vəziyyətlə bağlı nə deyə bilərsiniz? Niyə bizim seriallara az baxılır? - Məncə, az baxılmır. Sadəcə olaraq, hərənin öz zövqü var və müzakirə olunmur. Amma yaxşı olar ki, seriallarımızın səs-səda salması üçün çəkilişlər zamanı peşəkar aktyor və aktrisalara müraciət olunsun. Çünki onların hər biri məktəb keçən insanlardır. Hər bir sənətin sənətkarı daha gözəldir. - Qeyri-peşəkarlara çoxmu müraciət olunur? - Sənətdə qeyri-peşəkarlar doludur. Utancverici bir şeydir. Aktyorların dəyərlərini vermək istəməyənlər, sənətdən bixəbər olanlar pul qazanmaq üçün hər yoldan ötəni seriala çəkirlər ki, ona pul ödəməsinlər. Yalnız özünə və sənətinə dəyər verən rejissorlar peşəkarlarla işləməyə üstünlük verirlər. - Bəs sizin üçün o qeyri-peşəkarlarla bir serialda çəkilmək, tərəf-müqabili olmaq çətin olmur? - Bu, tək mənim problemim deyil. Belələri rejissorları da çox incidirlər. Peşəkarlarla bir səhnəni bir dubla çəkiriksə, başqaları ilə bu dubllar uzanır. Həmin səhnə də qeyri-səmimi alınır. Aktyorlar da yorulurlar. Çox çətin və arzuolunmaz olur. Amma deyim ki, onlar özlərindən o qədər razı olurlar ki, biz mat qalırıq. Sənətdənkənarlar “meydan sulayanda” sənətkarlar mat qalırlar. Lakin bu, davam edə bilməz. Təbiilik və səmimilik peşəkar aktyorda daha qabarıq görünür. Səhnələrin sevilməsi lazımdır. Yoxsa belə olmur... - Artıq dörd ilə yaxındır ki, Sumqayıt Dram Teatrında “Qatil” tamaşasında baş rolu canlandırırsınız. Eyniadlı tamaşa Akademik Milli Dram Teatrında da səhnəyə qoyuldu. Fərqi nədə gördünüz? - Bu barədə danışmaq istəmirəm. Bircə bunu deyə bilərəm ki, biz əsərin mənasını və fikrini pozmadan ifa etdik. Mən utancaq, həyatı boyu əli kişi əlinə dəyməyən fağır müəllimi oynadım. - Deməli, Akademik Milli Dram Teatrında səhnələşdirilən “Qatil”in motivi və məğzi dəyişdirilmişdi? Belə qənaətə gəlmək olar? - Siz özünüz əsəri diqqətlə oxusanız, fərqi görəcəksiniz. Mən heç vaxt aktyorların əziyyətinə ləkə gətirəcək fikir demərəm. Çünki o rolu təhvil verənə qədər aktyor dəridən-qabıqdan çıxır. Hər rejissorun əsərə öz yanaşma tərzi var. Kim nəyi necə görür, necə fikirləşir, onu da səhnələşdirir. - Siz də vaxtilə bir tamaşada öpüşmüsünüz, səhv etmirəmsə... - Sevgi o qədər ülvi hissdir ki, onu öpüşmə və başqa bir şey olmadan, baxışlarla da həll etmək olar. Öpüşmək hələ lap yaxşı aktyor olmaqdan xəbər vermir. Mənim sevgi səhnələri oynadığım tamaşalar çoxdur. Amma rejissorlar o səhnələri elə incəliklə verdilər ki, nifrət doğuracaq heç nə yaranmadı. Biz unutmamalıyıq ki, bura Azərbaycandır. Əgər müasirlik deyiriksə, bu, çılpaq və açıq-saçıq səhnələrin bolluğu demək deyil. - Sevginin ülvi hiss olduğunu vurğuladınız. Həyat yoldaşınızdan sonra kimisə sevdinizmi, yaxud indi sevirsinizmi? - Sevirəm, özü də iki nəfəri... - Bilirəm, övladlarınızı nəzərdə tutursunuz. Allah saxlasın. Amma mən əks cinsin nümayəndələrini nəzərdə tuturdum... - Onlar da əks cinsin nümayəndələridir də (gülür). Mən ürəyimin açarını hər ələ təqdim eləmərəm (gülür). Hər şey gizli olanda abırlı və gözəl olur. - Hal-hazırda hansı işin üzərində çalışırsınız? - Hələ ki, ciddi bir iş yoxdur. Amma başlayanda birdən başlayır, adam çaş-baş qalır. Allah camaatımızın canını sağ eləsin, təki həmişə xeyir işlər olsun, mən də həmin məclislərdə aparıcılıq edim (gülür). Yenə də deyirəm, şükür bu günümə... Geri qayıt |