AYAZ MÜTƏLLİBOV SEÇKİLƏRLƏ BAĞLI MÜZAKİRƏDƏ
Tarix: 10-01-2013, 08:21 |
Çap et
KEÇMİŞ PREZİDENT BÖYÜK SİYASƏTƏ QAYIDA BİLƏR: BELƏ GÖRÜNÜR
DİA.AZ: - 20 illik həsrətdən sonra vətənə dönmə fürsəti əldə edən keçmiş prezident Ayaz Mütəllibov Bakıya döndükdən sonra siyasətdən getdiyini bildirsə də, hələ də onun adı bir çox siyasi məsələlərdə hallandırılmaqdadır. Elə DİA.AZ-a daxil olan son xəbərlərdən də aydın olur ki, sabiq dövlət başçısı hələ siyasi fiqur mahiyyətini qoruyub saxlamaqdadır.
Mötəbər mənbənin redaksiyamıza bildirdiyinə görə, Ayaz Mütəllibov bu günlərdə özünə yaxın bildiyi bir neçə siyasi sima ilə qarşıdan gələn prezident seçkilərini müzakirə edib: «Görüşdə iştirak edənlərdən birinin sözlərinə görə, Ayaz Mütəllibovdan hakimiyyət nümayəndələri seçkilərdə dəstəyinə ehtiyac olacağını və belə bir dəstəyi verib-verməyəcəyini soruşub. O, isə siyasətə qarışmadığını bildirib. Amma lazım gələn anda İlham Əliyevin namizədliyini dəstəklədiyini elan edəcəyini də söyləyib. Və hətta bildirib ki, seçki günü də səsini İlham Əliyevə verəcək».
Mənbəmizin sözlərinə görə, istənilən halda keçmiş prezidentin siyasi proseslərə qoşulacağı gözləniləndir: «Çünki həmin görüş zamanı Ayaz Mütəllibov həmçinin müxalifət partiyalarının sədrləri ilə görüşəcəyini də söyləyib. Və deyib ki, onlar onun oğlunun yasında gəliblər və o da bir kişilik borcunun olduğunu bildirərək deyib ki, İsa Qəmbər və Əli Kərimli ilə mütləq görüşəcək».