DEPUTAT İMİŞLİDƏ AKSİYANIN OLMADIĞINI DEDİ
Tarix: 31-01-2013, 13:13 |
Çap et
ÇİNGİZ QƏNİZADƏ RAYONDA BAŞ VERƏN HADİSƏ İLƏ BAĞLI AÇIQLAMA VERDİ
DİA.AZ: - Məlum olduğu kimi, bu gün İmişli rayonunda bir qrupp vətəndaşın icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirmələri barədə xəbər yayılmışdı. Bununla bağlı DİA.AZ-a açıqlama verən İmişlidən seçilmiş millət vəkili Çingiz Qənizadə bildirdi ki, əslində heç bir aksiya olmayıb, sadəcə olaraq evləri qəzalı vəziyyətdə olan bir qrup sakin öz ailə üzvləri ilə birlikdə icra hakimiyyətinin başçısının qəbuluna gəliblər.
Deputatın sözlərinə görə, həmin ailələr nə zamandır şikayətçidirlər: «Məlumdur ki, sel daşqınları zamanı evləri zərər görmüş ailələrə yardım məqsədilə fövqəladə hallar nazirliyinin xüsusi komissiyası fəaliyyətdədir və bu məsələdə icra hakimiyyətinin hansısa iştirakı yoxdur. Sadəcə olaraq komissiya qəzalı vəziyyətdə olan evlərə baxış keçirir və müvafiq qərarını verir».
Deputat bildirdi ki, həmin proses zamanı bir neçə ailə iddia edir ki, onların da evlərinin bərpası dövlət hesabına həyata keçirilməlidir, halbuki komissiya iddiaçı ailələrin evlərinə baxış keçirdiyi zaman anoloji qənaətə gəlməyib.