İRAN RƏSMİSİNDƏN TÜRKİYƏYƏ İTTİHAM
Tarix: 29-11-2011, 15:27 |
Çap et
“ƏRDOĞAN SİONİSTLƏRİN YETİRMƏSİDİR”
Noyabrın 28-də jurnalistlərə açıqlama verən İran Hüquq Mühafizə Qüvvələri komandanının canişini Əhmədrza Radan Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana qarşı sərt bəyanatlar səsləndirib.
“Media forum” saytının məlumatına görə, ölkənin xarici təhdidə məruz qalmasından, “sionistlərin bölgədəki siyasi oyunlarından” danışan Əhmədrza Radan deyib ki, Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana sionistlər təlim verib: “Ərdoğan sionistlərin yetirməsidir. Sionistlər Ərdoğana təlim veriblər ki, üzdəniraq qatı bir müsəlman kimi onların qarşısında dayansın. Onlar həmin Ərdoğanı qatı bir müsəlman və sionistlərin qatı düşməni kimi Misirə göndərdilər ki, bu ölkə xalqını dünyəvi bir hakimiyyət qurmağa dəvət etsin və bununla da onların sifarişini yerinə yetirsin”.
Noyabrın 26-da “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri qarşısında çıxış edən İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə xarici təhdidə məruz qaldıqları təqdirdə düşmən mövqelərinə qarşı əməliyyatları Türkiyədən başlayacaqlarını bəyan edib: “Əgər İran İslam Respublikasına qarşı təhdidlər olsa, əvvəlcə NATO-nun Türkiyədəki raket hücumundan müdafiə sistemini vuracaq, sonra başqa hədəflərin ardınca gedəcəyik. ABŞ-ın Türkiyədə quraşdırdığı raket hücumundan müdafiə sistemi İsrailə dəstək vermək üçündür”.