MƏHBUS FƏAL XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Tarix: 8-04-2013, 11:21 |
Çap et
Məhbus ADP-çi Rəsul Mürsəlov Penitensiar Xidmətin xəstəxanasına yerləşdirilib. Onun görmə qabiliyyətində ciddi problemlər yarandığı bildirilir.
“Media forum” saytının məlumatına görə, aprelin 7-də ADP Gənclər Təşkilatından Cəmil Hacıyev, Elşən Şahbazov və İlham Həziyev fəala baş çəkiblər. İlham Həziyev deyir ki, Rəsul Mürsəlov həbsdə üzün müddət eynəklə təmin edilməyib: “Rəsul Mürsəlov 14 saylı Cəzaçəkmə Müəssisəsində Aydın Şamilovun fiziki zorakılığna məruz qaldığını da bildirdi. Biz hüquq müdafiəcilərinə, hakimiyyət qurumlarına, ombudsmana şıkayət edəcəyik”.
Rəsul Mürsəlov türkiyəli dostu Əlirza Qutlu ilə birgə ötən il iyulun 18-də Balakəndə saxlanıb. Onlara Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb. Balakən Rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
ADP hesab edir ki, Rəsul Mürsəlovun heç bir qanunsuz əməli yoxdur və həbsi siyasi fəaliyyəti ilə bağlıdır.