KEÇMİŞ PREZİDENTDƏN İNDİKİ PREZİDENTƏ AĞIR SÖZLƏR
Tarix: 1-05-2013, 10:18 |
Çap et
PETROSYAN SƏRKİSYANA "SADİST" DEDİAprelin 30-u Yerevanda keçirilən seçki mitinqində çıxış edən Erməni Milli Konqresi Partiyasının sədri, sabiq prezident Levon Ter-Petrosyan dövlət başçısı Serj Sərkisyanı “sadist” adlandırıb.
“Media forum” saytının məlumatına görə, fevralın 18-də keçirilmiş prezident seçkisindən söz açan sabiq dövlət başçısı hökumətin daha beş il müddətinə oğurluq rıçağını əlində saxladığını vurğulayıb: “2008-ci ildən fərqli olaraq bu dəfə Serj Sərkisyanı ABŞ prezidenti də təbrik etdi. Rəzalətdir! Belə dəstəkdən ruhlanan prezident Tiqran Sərkisyanı yenidən baş nazir postuna gətirdi, indi isə Taron Marqaryanın Yerevan meri postunda qalmasına səy göstərir. Bu, Serj Sərkisyanın ictimai rəyə məhəl qoymamasına, heç bir islahata getməyəcəyinə işarədir”.
Yerevan bələdiyyəsinə mayın 5-də keçiriləcək seçkiyə toxunan Levon Ter-Petrosyan hakim Respublika Partiyasını təmsil edən indiki mer Taron Marqaryanı hədəfə alaraq deyib: “Belə bir şəxsi önə çıxaran Serj Sərkisyan sadəcə sadistdir”.
Sabiq prezident müxalifəti birləşməyə və paytaxt Yerevanı hakim qüvvənin əlindən almağa çağırıb.