Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7, mənzil 30 ünvanında yaşayan Ələsgər Kazımov Gundelik-Baku.com-un redaksiyasına, o cümlədən «Azad İstehlakçılar» İctimai Birliyinə ərizə ilə müraciət edib. Beləliklə, «Mən vətəndaş Kazımov Ələsgər M.C oğlu bu ilin fevral ayında internet vasitəsi ilə 600 AZN məbləğinə aldığım İpad4 planşeti heç bir qüsuru olmadan avqustun əvvələrinə qədər işlətmişəm. Avqust ayında planşetdə yaranan cüzi enerjini az saxlama problemi yaranmışdır. Mən öz İpad4 planşetimi götürüb Məmməd Araz 50 c küçəsində yerləşən «Avirtel» şirkətinə yaxınlaşıb təmir üçün müraciət etdim» deyən şikayətçinin sözlərinə görə, adıçəkilən şirkət onunla müqavilə bağlayıb planşeti götürüblər:
«Mənə dedilər ki, müqaviləyə əsasən 2-3 iş günü müddətində planşetə diaqnoz qoyulduqdan sonra sizinlə əlaqə saxlanılacaq və dedilər ki, planşetin bizim şirkətdə düzəlməsinin xərci sizə deyiləcək, bizim şirkətdə təmir etmək fikriniz olmasa sadəcə diaqnoz üçün 20 AZN ödəyəcəksiniz. 7 iş günü keçməsinə baxmayaraq, mənimlə heç kim tərəfindən əlaqə saxlanılmadı. Sonra «Avirtel» şirkətinə yaxınlaşdım və məndən Sara xanım təmir üçün 90 AZN pul tələb etdi. Onlara «sizdə təmir etmək istəmirəm» dedikdə məndən 20 AZN tələb etdilər, müqaviləyə əsasən razılaşdım. Planşeti qaytardıqda gördüm ki, planşet açılıb, yerinə düzgün otuzdurulmayıb və bəzi düymələri işləmir. Bizim orda cüzi mübahisəmiz oldu bunu yuxarıdan kamera vasitəsi ilə görən «Avirtel» şirkətinin prezidenti İsmayıl Şabani bəy texnik ilə məni otağa dəvət etdi. İsmayıl bəy məni dinlədikdən sonra işçilərə tapşırıq verdi ki, bu ağsaqqalın planşetində olan bütün problemləri aradan qaldırırsınız və 1 manat almadan özünə qaytarırsınız. 2 aya yaxındır ki, mənim planşetimi düzəldib özümə qaytarmırlar. Bu 2 aya yaxın müddətdə mən öz dəyərli vaxtımı itirib 7 dəfə «Avirtel» şirkətində olmuşam. Rəşad adında texnik müxtəlif bəhanələrlə məni əliboş yola saldı. Sonuncu dəfə 06.10.16 mən orda olduğum zaman texniki şöbənin müdiri Samir bəy yaxınlaşdı və dedi ki, mən söz verirəm ayın 7-si sizin planşetinizi təmir edib 8-i özümdə saxlamaqla işlədib bir daha yoxlayacam. Ayın 9-u istirahət günü olduğundan ayın 10-u səhər tezdən gəl, planşetini apar. Mən ayın 10-u saat 10 radələrində şirkətdə olmuşam. 12:30-a qədər məni gözlətdikdən sonra yenə də əliboş yola saldılar. Dedilər ki, düzəldəcəyik, müqaviləmi də vermədilər. Mən eyni markalı planşetin təzəsinin verilməsini istəyirəm, çünki planşeti onlar yararsız hala salıblar. Xahiş edirəm mənim istehlakçı hüquqlarımın qorunmasında köməklik edəsiniz və bu barədə müvafiq dövlət orqanlarına məlumat verəsiniz».