Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənova aid olduğu iddia edilən səs yazısının “Youtube” sosial şəbəkəsində yayılması gündəmin əsas müzakirə mövzularından biridir. Bu olay ilə bağlı mediada yayılan xəbərlərdə səs yazısındakı qanuna zidd əməlin hazırda Ağdam rayon İcra Hakimiyyətinin Başçısı olan Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə baş verdiyi iddia olunur.
Həmin səs yazısında 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmiş Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən 5000 manat rüşvət alır. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan kredit götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir. Amma hazırki icra başçısının keçmişi ilə bağlı müəmma və qalmaqallar bununla bitmir. Belə ki. cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc məlumatlarla rastlaşdıq. Məsələn, iddiaya görə Xəzər rayonunda icra başçısının müavini olarkən V.Həsənov MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə intihar etdiyi deyilən İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlayıb. Bu fakt vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb. Həmin məlumata görə, Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli mağaza MTN-in Antiterror Mərkəzinin müavini olmuş İlqar Əliyevə Xəzər RİH başçısının müavini Vaqif Həsənov tərəfindən inşa edilib. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb. V.Həsənovla İ.Əliyevi bir-birinə bağlayan tellərin, bağların nə olduğu bilinmir. Amma bu kifayət qədər ciddi ittihamdır. Hər halda vəkil bir hüquqşünas olaraq öz məsuliyyətini bilir və yaydığı bu məlumat da ciddi informasiyaya söykənir. Əks halda Xəzər RİH ya vəkili məhkəməyə verməliydi, ya təkzib tələb etməliydi. Necə ki, V.Həsənovla bağlı yayılan digər bir xəbərə belə bir reaksiya göstərilmişdi. Belə ki, Xəzər rayon icra başçısının müavini olarkən Vaqif Həsənovun oğlunun saxlanması haqda xəbər yayılmışdı. Həmin məlumatı cumhuriyyet.az olaraq oxuculara xatırladaraq bildirək ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədova məxsus “Nar” kafesində xüsusi təyinatlıların əməliyyat keçirdiyi bildirilirdi. Yasamal rayonundakı “Şüşəli bazar”ın yaxınlığında yerləşən kafedə Aynar Məmmədovla birlikdə daha 20 nəfərə yaxın məmur övladı həbs edilib. Həbs edilənlərdən birinin də Xəzər rayonun icra başçısının müavini Vaqif Həsənovun oğlu olduğu deyilirdi. O zaman Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov xəbərin yalan olduğunu demişdi: “Vaqif Həsənovun oğlu 4-5 aydır ki, Lənkəranda hərbi xidmətdədir”. Amma qalmaqallı MTN zabiti İlqar Əliyevlə bağlı belə bir təkzib verilmədi. Onu da bildirək ki, V.Həsənov Xəzər rayonundan əvvəl Qaradağ rayon RİH başçısının müavini işləyib. Yerli mətbuatda gedən məlumatlara görə, məhz sahibkarlara, xüsusən də V.Həsənov Qaradağdakı daş karxanaları sahiblərinə qan uddurmasına, digər korrupsiya əməllərinə görə bu rayondan uzaqlaşdırılıb. Vaqif Həsənovun hazırda Ağdam rayonunda icra başçısı kimi fəaliyyəti də o qədər qənaətbəxş deyil. İcra başçısı təyin olunmasının bir ili tamam olmamasına baxmayaraq onun fəaliyyəti ilə bağlı narazılıqlar var. Həmin narazılıqları əks etdirən videokadrları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: