Zaqatala şəhəri, Nizami küçəsi, döngə — 2, ev – 37 ünvanda yaşayan, 1978-ci il təvəllüdlü vətəndaş Bilalov Elxan Murad oğlu redaksiyamıza zəng vuraraq, qəzetimizin ünvanına internetdə rast gəldiyini, problemlər məngənəsində sıxıldığını, özünü öldürməzdən qabaq yeganə və son ümid yeri kimi dərdini KİV-də ictimailəşdirməyi qərara aldığını bildirmişdir. Səsindən duyulan həyəcan onun həqiqətən iztirab çəkdiyini, necə deyərlər, “boğulmamaq üçün yapışmağa saman çöpü axtardığını” büruzə verirdi.
Vətəndaş, bəli, məhz vətəndaş Bilalov artıq çoxdan bu qənaətə gəlib ki, Azərbaycanda pulu, adamı olmayan Vətəndaşın bir qara qəpik qədər qiyməti yoxdur. Onun başına gələnlərin tükürpədici tarixçəsini öz dilindən dinlədik. Deyir ki, xeyli qabaq dəri-zöhrəvi xəstəliyinə düçar olub. İlk əvvəl özünü o qədər də piss hiss etmədiyindən, vəziyyəti ciddiyə almayıb. Sınıq qol kimi dövlətin, cəmiyyətin boynundan asılmaq istəmədiyindən, əlillik statusu və başqa sosial güzəşt və imtiyazlara nail olmağa can atmayıb. Halbuki, həkimlər ona xəbərdarlıq ediblərmiş ki, canının qədrini bilməsə, vaxtında üstünə düşməsə, bütün bədənini yara-xora saracaq, orqanizminin başqa üzvləri də tədricən sıradan çıxacaq, yataq xəstəsinə çevriləcək.
Necə deyiblərsə, elə də olub: İllər keçdikcə, xəstəlik bütün bədəninə yayılıb. Üstəlik, daha bir neçə yanaşı xəstəlikləri üzə çıxıb – ürək və böyrək çatışmazlığı, xroniki astma, qan təzyiqi…
“Artıq üç-dörd ildir, yataqdayam. Sağalmayacağı bəlli olan dəri xəstəliyindən əlavə bir neçə xəstəlikdən əziyyət çəkirəm. Ağrılardan daha taqətim qalmayıb, dözə bilmirəm. Ayaqlarımın altı yanır. İnsan nə qədər işgəncə yaşayar, nə qədər gecələr yuxusuz qalar, səhəri dirigözlü açar? İnanın, gündəlik bir neçə tablet “qırmızı reseptlə” satılan dərmanlar qəbul etməliyəm, “maşın kraskası” ilə yuyunmalıyam ki, sabaha çıxa bilim” – ağlaya-ağlaya danışır zavallı Elxan.
Bilalov nəhayət əlil statusu almaq qərarına gəlib ki, təyin olunacaq pensiya ilə dərmanlarının heç olmasa bir qismini ala bilsin: “Çünki əlil kimi uçotda olmadığıma görə havayı dərman verən yoxdur. Tibbi sığorta məsələsi ortaya çıxandan sonra da mənim kimiləri başdan eləmək üçün əllərinə daha bir bəhanə keçib”.
Yerli poliklinika və mərkəzi xəstəxanada müəyyən prosedurlardan keçib. Sənədləri Respublika Tibbi Sosial Ekspert Komissiyasına göndərilib. Ancaq məyusedici cavab gəlib. Ona bildirilib ki, müalicə üçün lazımi qədər tibb müəssisəsində yatmadığına görə imtina olunub. Halbuki, onun sözlərinə görə, təkcə bu ilin ötən dövrü ərzində üç dəfə — yanvar, fevral, mart aylarında xəstəxanada yatıb: “Üstümə dəfələrlə təcili tibbi yardım çağırılıb. Aparıb yalnız ağrıkəsici dərman verib özümə gətiriblər. Sonra da müalicə etmək əvəzinə zorla evə qaytarıblar. Qanunvericilikdə təsbit olunub ki, bir il ərzində iki dəfə xəstəxanada yatsan, yetərlidir. Amma hər dəfə məni aldadırlar. Yerli komissiya sədri də, baş həkim də üzbəüz səmimi söhbətlərində etiraf edirlər ki, mənə II qrup əlillik dərəcəsi düşür, hərçənd, köməklik göstərən yoxdur. Ölkə başçısı televiziyada çıxış edib deyir ki, dövlət üçün vətəndaşların sağlamlığından daha vacib heç nə yoxdur. Səhiyyəyə, sosial müdafiəyə ehtiyacı olanlara kifayət qədər pul ayırılır. Bu qədər də allahsızlıq olar? Neçə adam tanıyıram, sağlam ola-ola rüşvət verib əlillik dərcəsi alıb, pensiyaya çıxıb. Gerçəkdən xəstə olanın isə müraciətinə baxan yoxdur. Pulu olmayanı insan yerinə qoymurlar. Pulum yoxdu deyə vəkil də tuta blmirəm ki, bu rüşətxorları məhkəməyə verəm”.
Bilalov deyir ki, məmurların laqeydliyi onu intihar həddinə gətirib: “Bir dəfə xəstəxanada ikən gecəyarısı özümü asmağa cəhd etmişəm, təsadüfən hadisə yerinə gəlib çıxan gözətçi həyatımı xilas edib. Gecə ikən şöbə müdiri Eibar doktor, həkimim Afaq tökülüşüb gəliblər, məni dilə tutublar. Burnu qanayan xəstəxanaya gətiriləndə polisin, prokurorluğun xəbəri olur, amma mənim intihar cəhdimi ört-basdır elədilər. Niyə? – çünki məni özünəqəsd halına çatdıran elə həkimlər özləriydi. Qan təzyiqim 220-yə yüksəldiyi halda bilərəkdən aşağı həddə yazırdılar ki, səhhət durumumun kritik olduğu sənədlərdə göstərilməsin. Belə davam etsə, Komissiyanın qarşısında od vurub özümü yandıracağam!”
Redaksiya olaraq üzərimizə düşən işi – vətəndaşın harayını oxucu auditoriyamıza və aidiyyati instansiyalara çatırmaq vəzifəmizi yerinə yetirməyə çalışacağıq. Bilalova isə təpərli olmağı, ən başlıcası isə canına qəsd etmək fikrindən daşınmağı, apardığı mübarizənin uğurlu nəticəsini görmək üçün bu ərəfələr geniş yayılan koronavirusdan qorunmağı tövsiyə edirik. Bu dünya sahibsiz deyildir – Yeri-göyü yaradan Allahımız var, rəhmi də var! Bu ölkə yiyəsiz deyildir – xalqın seçdiyi, özü verdiyi qərarların icrasına özü nəzarət edən Prezidentimiz var! Azərbaycan yaxşı insanlardan xali deyildir — Qızıl ürəkli, bütün dünyada xeyirxahlıq mücəssəməsi sayılan vitse-prezidentimiz var!
P.S. Müraciətlə bağlı Zaqatala rayon Səhiyyə İdarəsinin müdiri Məcid Əliyevə müraciət etdik. O,kobud formada «Biz korovirusa qarşı mübarizə aparırıq, Elxan kimilərə baş qoşmağa vaxtımız yoxdur. Əgər nədənsə narazıdırsa getsin versin məhkəməyə» deyib telefona odboy verdi.
Bu da məmur harınlığının bir forması. //deryaz.az//