"Azsığorta" 3 ildir vətəndaşı süründürür - GİLEY
Tarix: 8-01-2021, 09:08 |
Çap et
Füzuli rayonunun Kərimbəyli kənd sakini Sehraman Əliyev deyir ki, üç ildir sığorta şirkətindən pulunu ala bilmir. 2017-ci ildə İrandakı zəlzələnin təsirindən Azərbaycanın sərhədə yaxın ərazilərində sürüşmə baş verib. DİA.AZ xəbər verir ki, bu zaman S.Əliyevin ticarət obyektinə də ziyan dəyib. Həmin obyektdə tikinti mallarının satıldığını deyən S.Əliyevin sözlərinə görə, oradan tək özü yox, satıcı və fəhlələr də daxil olmaqla, xeyli adamın ailəsi dolanırdı.
S.Əliyev hadisədən bir ay əvvəl "Azsığorta" ASC ilə müqavilə bağlayıb, obyekti sığortalatdırıb: "Müqavilənin sərtlərinə görə, əmlaka 44 min 228 manat sığorta təminatı verilmişdi. Mənə çox gülünc bir rəqəm – 511 manat sığorta ödənişi təklif elədilər".
S.Əliyev sığorta şirkətini məhkəməyə verib, sığorta ödənişi, üç ildə obyektin işləməməsinə görə əldən çıxmış fayda da daxil olmaqla, ümumilikdə 65 min manat pul tələb edir. Hazırda bu mübahisə Bakı Kommersiya Məhkəməsində araşdırılır. Məhkəmə dəymiş ziyanın hesablanması üçün tikinti-texniki ekspertizası təyin edib.