Yasamal rayonunda bir binanın sakinlərinin həyatı risqə atılıb - «Məxmər-77» MMC şirkətindən şikayət var
Tarix: 1-10-2014, 12:35 |
Çap et
DİA.AZ: - Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinləri redaksiyamıza şikayət məktubu ilə müraciət ediblər. Onlar DİA.AZ-a etdikləri müraciətlərində «Məxmər-77» MMC tikinti şirkətindən narazılıq edirlər.
Sakinlər DİA.AZ-a müraciətlərində bildirirlər ki, dəfələrlə müxtəlif dövlət instansiyalarına müraciət etsələr də, onların dərdlərini dinləyən yoxdur.
Narazı vətəndaşlar bildirirlər ki, 2002-ci ildə inşa edilmiş binalarının bütün dörd bir yanında 7 ədəd 17 mərtəbəli binanın inşasına başlanılıb ki, bu da onların həyatlarının risqə atılması deməkdir: «Burada normal inşaat qaydalarına riayət olunmur. Bütün dincliyimiz pozulub. Həyatımız isə təhlükə altındadır. Çünki inşaat meydançası ilə yaşadığımız binanın arasındakı məsafə 10 metrdən də azdır. Özümüz bir yana, hər gün dərsə gedib-gələn uşaqlarımızdan narahatıq».
Sakinlər iddia edir ki, Yasamal rayon icra hakimiyyəti bu problemdən xəbərdar olsa da, çarəsiz olduğunu rəsmən etiraf edib: «Hansısa oliqarx məmur bu binaları inşa etdiyindən kimsə müdaxilə edə bilmir. Deməli, bizim həyatımızın heç bir anlamı yoxdur»…
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…