Bakının iki rayonunun rəhbəri ilə bağlı məsələlər qətiləşib - Hakimiyyət öz içini yeniləmə yolundadır
Tarix: 2-04-2015, 10:09 |
Çap et
DİA.AZ: - Adı bir çox qalmaqallı olaylarda hallanan Bakının iki rayonunun icra başçısı ilə bağlı qərar verilib. Bunu DİA.AZ-a icra başçılarından bəzilərinin görəvdən alınması ilə bağlı verilən informasiyaların özünü hələ ki doğrultmaması ilə bağlı durumu şərh edərkən hökumət içindəki məlumatlı mənbə bildirib.
Xəbəri verən qaynaq iddia edir ki, «yuxarılar» dəyişiklik üçün tədarük görürlər: «Amma bu istiqamətə rəhbərlik edən dairələr hələlik tələsmirlər. Amma konkret olaraq Bakının iki rayonunun icra başçısının da məsələsi həll olunub. Söhbət Nəsimi və Sabunçu rayon icra hakimiyyətinin başçılarından gedir».
Bildirək ki, Nəsimi rayonuna rəhbərlik edən Nəsib Məhməliyev çox ciddi biznes imkanlarına malikdir və onun adı hətta qara brilliant alverində də çəkilir. Sabunçunun icra başçısı Adil Vəliyevin adı isə daha çox yerli sakinlərlə toqquşmalarda, habelə böyük maliyyə yeyintilərində hallandırılır.
Məlumatlı mənbənin dia-az.life-a bildirdiyinə görə, icra başçılarının növbəti ələmə prosesi aprel ayının ortalarından start götürəcək: «Bu dəyişikliklər labüddür. Çünki parlament seçkilərində fərqli atmosfer müşahidə olunacaq. Hakimiyyət öz içini yeniləmə yolundadır».