Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarına ağır ifadələr... - "Bu şüursuzlara başa salsın ki, ay bədbəxtlər"...
DİA.AZ: - Tanınmış hərbi ekspert Üzeyir Cəfərov az əvvəl "Facebook"da üzləşdiyi bir məmur özbaşınalığı ilə bağlı məlumat paylaşıb. DİA.AZ olaraq həmin açıqlmanı olduğu kimi təqdim edirik:
"Dünən Bakı Apelyasiya Məhkəməsində bir prosesdə zərəçəkmişin nümayəndəsi kimi iştrak edirdim. Müdafiə Nazirliyinin döyüş bölgəsində, döyüş növbəsi çəkən zaman həlak olmuş zabiti mayor Emil Əsgərlinin işi üzrə MN verdiyi apelyasiya şikayətinə baxılırdı. Hakim Nurəddin Mustafayevin sədrliyi, hakimlər Kəmalə Abıyeva və Mirzə Tağızadənin tərkibində olduğu kollegiya işi araşdırırdı. MN-i isə son dərəcə savadsız və yazdığı şikayəti hıqqına-hıqqına oxuyan bir hüqüqşünası, polkovnik-leytenant rütbəsində olan Rövşən Rəsulzadə adlı şəxs təmsil edirdi. Bu kabinetdə "bəslənən" adam və onun birbaşa rəisi - MN-nin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev, hansı ki, bir gün də olsun əlində silah tutmayaraq yatıb özlərini general rütbəsində görmək istəyirlər, 1 ildir ki sübut etmək istəyirlər ki, tabor komandiri guya döyüş bölgəsində döyüş növbəsi zamanı deyil, tamam başqa işlər zamanı həlak olub?! Adam söz tapa bilmir ki, bu şüursuzlara başa salsın ki, ay bədbəxtlər, kabinetdə oturmaqla deyil ki, gedin savadınızı, dünyagörüşünüzü artırın, Siz niyə bu miskin gündəsiniz?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10 nömrəli qərarının 1.2.6-cı bəndinə əsasən, həmçinin bəzi dəyişikliklərin edilməsi barədə 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirirlməsi üzrə xidməti vəzifəsnin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər ŞƏHİD hesab edilirlər.
Həmin Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin və qeydiyyatda olduqları hərbi komissarlıqların verdiyi arayışlarla təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara isə hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur. Həmçinin 4.2-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir.
Yuxarıda göstərilənlərə əsasən, 30 yanvar 1982-ci il təvəllüdlü mayor Əsgərli Emil Əlihüseyn oğlu döyüş növbəsi tapşırığını yerinə yetirərkən həlak olmuşdur və ona “Şəhid” statusu verilməlidir və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qanuna əsaslanaraq tam düzgün və ədalətli qərar qəbul etmişdir. İş materialları arasında olan Füzuli Hərbi Məhkəməsinin 19.11.2014-cu il tarixli 1-(97)-143-2014 saylı Qanuni qüvvəsinə minmiş Hökmündə də hər şey açıq və aydın şəkildə yazılaraq qeyd edilmişdir ki, tabor komandiri mayor Əsgərli Emil Əlihüseyn oğlu xidməti vəzifələrinin icrası ilə bağlı döyüş növbəsini yoxlayan zaman həlak olmuşdur. Şahid ifadələrinə, konkret faktlara və sübutlara əsaslanaraq Füzuli Hərbi Məhkəməsi Hökm çıxartmışdır. Dövlət adından çıxarılmış Hökmü heç bir hüquqi və mənəvi haqq olmadan hansısa ehtimallara əsasən şübhə altına alan MN-nin hazırkı Apelyasiya Şikayətini imzalayan nümayəndəsi Rövşən Rəsulzadə nədənsə 1-ci instansıya məhkəməsində işə baxan hakim Elçin Məmmədova söylədiklərini unudaraq dünən tamam başqa sözlər danışırdı. Deyirəm ki, görəsən müdafiə naziri general-polkovnik Zakir Həsənov belə şəxsləri nədən hələ də o vacib dövlət qurumunda saxlayır ki, onlar da öz naşı hərəkətləri ilə həm biabır edir, həm də cəmiyyətdə bir nifrət hissi oyadırlar. Bu şəxslər zabit şərəfinin nə olduğunu görəsən dərk edirlərmi? Bu adamın özü və MN-nin digər nümayəndəsi polkovnik-leytenant Etibar Şərifov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə söz verdilər ki, çox qısa bir zamanda bu məsələ öz həllini tapacaq və zabitin ailəsinə qarşı edilmiş haqsızlıq və özbaşınalıq aradan qaldırılacaqdır. Çünki bu məsələ ilə bağlı hüquqlarını təmsil etdiyim şəxs dəfələrlə Müdafiə Nazirliyinə həm şifahi, həm də yazılı sürətdə rəsmi müraciət etsə də, bu məsələ HEÇ BİR TUTARLI əsas olmadan yubadılır. Dağ boyda igid bir Azərbaycan zabitini itirən valideynlər üçün ən dəhşətlisi isə, MN tərəfindən onlara ünvanlanmış 17.07.2014-cü il tarixli 1/Ə- 4703 saylı məktub olub. Məktubu MN-nin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev imzalayıb. Deyirəm ki, bizim generallar da onlara imzalanmaq üçün təqdim edilən sənədləri də oxumayıb imzalayırlar. Başqa cür olsaydı, yəqin ki həm müdafiə naziri Zakir Həsənov və onun müavini kimi K.Vəliyev hansı absurd sənədə imza atdıqlarının fərqində olardılar.
Azərbaycan Respublikası Prezidentinə ünvanlanan müraciət adı çəkilən MN tərəfindən guya araşdırılıb. Halbuki, mərhum zabitin xidmət etdiyi hərbi hissədən verilən arayışda (arayış məhkəmə materialları arasında vardır), o cümlədən Şirvan Şəhər İcra hakimiyyətinə ünvanlanmış rəsmi məktubda baş vermiş ölüm hadisəsinin bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olması birmənalı göstərrilmişdir, eyni zamanda bu işi hərtərəfli araşdıran Füzuli Hərbi Prokurorluğunun verdiyi rəsmi arayışda tabor komandiri olmuş mayor Əsgərli Emil Əlihüseyn oğlunun xidməti vəzifələrinin icrası zamanı həlak olması bir daha qeyd edilmişdir. Bütün bunlar açıq şəkildə göstərilsə də, nədənsə MN-nin vəzifəli şəxsləri öz xidməti vəzifələrinin icrasına səhlənkarcasına yanaşaraq, Tabor komandirinin ölümünün səbəbini əllərində HEÇ bir əsaslı sənəd olmadan tamam başqa olması qənaətinə gəlmişlər. Və buna görə də, mərhum Əsgərli Emil Əlihüseyn oğluna “Şəhid” statusu verilməsinin qeyri-mümkünlüyünü qeyd etmişdilər.
Ədalət naminə onu da qeyd edim ki, dünən Müdafiə Nazirliyinin apelyasiya şikayəti tam şəkildə təmin edilmədi. Bunların könlündən haqqı-ədaləti pozmaq və özbaşınalıqa yol vermək keçirdi. Çox sağ olsunlar hakimlər ki, onlar bu kəmfürsətliyi MN-ə tanımadılar. Əksinə MN-nin nümayəndəsinə bildirdilər ki, Vətən üçün canını fəda etmiş mayor rütbəli zabitin haqqını tanısınlar və lazım olan sənədləşmə işlərini aparsınlar.
İş bəzi texniki prosedurları qaydaya salmaq üçün yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilir ki, tez bir zamanda zabitin adının əbədiləşdirilməsi üçün lazım olan addımlar atılsın. Mən dünən də məhkəmə kollegiyasının diqqətinə açıq şəkildə bəyan etdim ki, bu işdə MN-ə heç bir güzəşt olmayacaq. Çünki son dövrlər kabinetdə bəslənən general və polkovniklər yığnağı səngərdə canını fəda etmiş zabit və əsgər ailələrinə bu cür soyuq və biganə münasibətə görə ən sərt ifadələrə və qınağa layıqdırlər.
Mayın 15-də isə mərhum zabitimizin döyüş növbəsində həlak olmasından düz 1 il keçəcək.Saylı günlər qalır Oğul itirən, Qardaş itiriən ailə üçün yenidən o ağır anları yaşamağa. Bu günə kimi isə bizim boğazdan yuxarı danışmağı və özlərini reklam etməyi çox xoşlayan bəzi rəhbər şəxslər bircə dəfə də olsun mərhum zabitimizin -mayor rütbəli, Türkiyə və Çin Xalq Respublikalarında Azərbaycan Silahlı Qüvvələrinin nümünəvi zabiti olmuş, ölümünə bir gün qalmış isə briqada komandirinin müavini postuna təyinat alan, amma amansız ölümün bunu reallaşmaga imkan verməyən Emil Əsəgərlinin məzarını və doğmalarını ziyarət etməyi unudan şəxslər bu gün nəyə çalışırlar, şəxsən mənə aydın deyil.
Dünən daha bir igidimiz yaramaz ermənilərin əclaflıqlarının qurbanı oldu. Atəskəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Şahmurad Əlizadə Biləsuvar şəhərində dəfn edildi. Cəbhənin Ağdam istiqamətində düşmən gülləsinə tuş gələn 23 yaşlı Şahmurad 2 ildən artıq idi ki, ön cəhbədə vətənin müdafiəsində dayanmışdı. Mərasimdə iştirak edən müdafiə nazirliyinin rəsmiləri xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Şahmurad Əlizadənin xatirəsinin daim anılacağını,vətən yolunda şəhidliyin bundan sonrakı nəsillər üçün də müqəddəs borc olduğunu bildirdilər. Çox istərdim ki, Vətən üçün həyatını fəda etmiş daha bir övladımızın valideynlərinə verilən söz sonradan yaddan çıxarılmasın...
Tanrı bütün Şəhidlərimizi rəhmət eləsin. Daş ürəkli məmurlara isə sadəcə insaf və bir balaca da qeyrət nəsib etsin!!"
DİA.AZ yazıda adları çəkilən bütün çəxsləri dinləməyə hazırdır.