Əsas Səhifə > Sosial, Manşet > Sabunçu RİH başçısı Prezidentin tapşırıqlarını unudub?
Sabunçu RİH başçısı Prezidentin tapşırıqlarını unudub?13-01-2017, 08:30 |
Bu günlərdə ölkə mətbuatında Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Vaqif və Yasəmən Zülfüqarovlara aid bağın RİH nümayəndələri tərəfindən sökülməsi barədə məlumat yayıldı. Vətəndaşların sözlərinə görə, 2013-ci ildə Kürdəxanı qəsəbəsinin bələdiyyəsi onlara istifadəyə 50 sot torpaq sahəsi verib. “Kürdəxanı bələdiyyəsi tərəfindən bizə bu torpaq sahəsinə qeydiyyat vərəqi verilib. Biz bu sahədə gözəl bağ saldıq. Lakin 2017-ci il yanvarın 5-də sahəyə soyadını bilmədiyim, Rafiq adlı Sabunçu rayon icra hakimiyyəti başçısının nümayəndəsi gəlib. Rafiq bildirdi ki, torpaqlarımızın bir hissəsi yolun genişləndirilməsi üçün müsadirə olunacaq”, – deyə bizə Zülfiqarovlar bildirdilər. Onların sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri bir bəyanatla kifayətlənməyiblər. “Həmin gün onlar bizim bağın bir hissəsini məhv etdilər. Bizim əkdiyimiz əncir ağaclarını kökündən çıxartdılar. Biz bələdiyyəyə bütün vergiləri vaxtlı-vaxtında ödəyirik. İcra hakimiyyəti hansı əsasla bizə Kürdəxanı bələdiyyəsi tərəfindən verilən torpağı müsadirə edir?”, – deyə Vaqif və Yasəmən Zülfiqarovlar maraqlandılar. Biz bu sualı Kürdəxanı bələdiyyəsinin vergi şöbəsinin müdiri Ağəli Mənsimova verdik. “Bu torpaqlar bizim bələdiyyənin inzibati ərazisində yerləşir”, – Ağəli Mənsimov deyib. “İcra hakimiyyətinin sizin bələdiyyə tərəfindən başqa şəxslərə istifadə üçün verilən torpağı müsadirə etmək hüququ var?”, – jurnalistimiz soruşdu. “Hər şey rayon icra hakimiyyətinin hakimiyyətindədir”, – deyə Ağəli Mənsimov bildirib. “Bu torpaq bələdiyyəyə məxsus deyil. Kürdəxanı qəsəbə bələdiyyəsi tərəfindən Yasəmən və Vaqif Zülfiqarovlara torpaq istifadəsinə verilmiş sənəd qanunsuzdur”, – deyə Sabunçu rayon icra hakimiyyətinin qəsəbəki nümayəndəsi Rafiq (Təəssüf ki, o bizə öz soyadını açıqlamayıb-red.) bildirib (legion.az). Legion.az bu istiqamətdə araşdırmasını davam etdirərək, Vaqif Zülfüqarovla əlaqə saxladı. “Həmin bağda mənim uşaqlığım keçib, hələ 1957-ci ildə atama verilmişdi. Sonradan biz öyrəndik ki, bu torpaqlara bələdiyyədən sərəncam verilir və mənlə həyat yoldaşımın adına bələdiyyədən sərəncam aldıq. Hər birimizin adına 0,25 ha torpaq sahəsidir. Hər şey qanunidir və vaxtlı-vaxtında vergiləri də veririk. Lakin üç gün əvvəl qonşu xəbər verdi ki, sənin bağının hasarını sökürlər. Gedib gördüm ki, bizə aid bağın 0,12 ha-lıq hissəsi dağıdılıb. Sabunçu rayonun icra başçısı Adil Vəliyev də ordaydı. Ondan nə baş verdiyini soruşduqda, mənimlə kobud danışdı və dedi ki, guya mənim torpaq sahəm qanunsuzdur və bu ərazi yol layihəsinə düşür, mənə də heç bir kompensasiya verilməyəcək. Mən etiraz etdikdə Adil Vəliyev məni hədələdi və dedi ki, “elə etmə, sənin bütün bağını şumlatdırım”. İndi bilmirəm, necə olacaq. Mətbuatın bu məsələni obyektiv araşdıracağına, ölkə rəhbərliyinin də laqeyd qalmayacağına ümid edirəm”, - deyə V.Zülfüqarov bildirdi. “Sizə hər hansı məhkəmə qərarı və ya digər sənəd təqdim olundumu?”, - deyə soruşduq. “Xeyr, nə Adil Vəliyev, nə də digər RİH işçiləri mənə hər hansı qərar və ya sənəd göstərmədilər”, - deyə V.Zülfüqarov cavab verdi. “Sizə kompensasiya verilməyəcəyini dediniz. Bəs qonşulardan kompensasiya alan varmı?”, - deyə soruşduq. “Bəli, bəzi qonşular alıblar, amma məbləği açıqlamırlar”, - deyə V.Zülfüqarov cavab verdi. Biz Sabunçu RİH başçısının köməkçisi Müslüm Mahmudova zəng etdik. “Orda dövlət sifarişi ilə yol layihəsi icra olunur. Bələdiyyə sərəncamıyla götürülmüş torpaqlarda hər hansı tikinti aparmaq qanunsuzdur. Mən bu haqda ətraflı danışa bilmərəm. Siz qəsəbə icra nümayəndəliyi ilə əlaqə saxlayın”, - deyə M.Mahmudov bildirdi. Kürdəxanı icra nümayəndəliyinin rəhbəri Rafiq Rzayevi isə yerində tapmadıq. Lakin Kürdəxanı qəsəbə bələdiyyəsinin torpaq mütəxəssisi Məmməd müəllim bildirdi ki, Kürdəxanıda bələdiyyə sərəncamı vətəndaşlara qanuni əsaslarla verilib. “Orda yol çəkilməsi və söküntü işləri ilə icra hakimiyyəti məşğul olur. Ona görə də, kompensasiya məsələsi barədə mən heç nə danışa bilmərəm”, - deyə bələdiyyə nümayəndəsi qeyd etdi. “Amma başqa vətəndaşların kompensasiya aldığı barədə məlumatınız varmı?”, - deyə soruşduq. “Bəli, bundan əvvəl bir çox torpaq sahibi kompensasiya alıb”, - deyə Məmməd müəllim cavab verdi. “Onların arasında bələdiyyə sərəncamı əsasında torpaq alanlar da var?”, - deyə soruşduq. “Bildiyimə görə, var. Təxminən, 85 nəfərin dövlətdən təzminat aldığını eşitmişəm”, - deyə Kürdəxanı bələdiyyə nümayəndəsi cavab verdi. Hüquqşünas-ekspert Aqil Qəhrəmanov hesab edir ki, Sabunçu RİH nümayəndələri hətta icarəyə götürülmüş torpaq sahəsində hər hansı söküntü işlərini məhkəmə qərarı olmadan apara bilməzlər. “Cənab Prezidentin sərəncamları, Milli Məclisin qanunları və Nazirlər Kabinetinin qərarları var... Bu prosesin necə tənzimlənməsi hamıya məlumdur. Lakin bəzən məmurlar tələm-tələsik və kobud şəkildə Prezidentin tapşırıqlarını, habelə qanunları pozurlar. Hər hansı dövlət sifarişli layihənin icrası zamanı vətəndaşlara təzminat ödənilməlidir. Bunun üçün dövlət də pul ayırır. Əgər vətəndaşın bağı sökülübsə, deməli, müəyyən məbləğdə təzminat da var”, - deyə A.Qəhrəmanov vurğulayıb. Vəkil Osman Kazımov da Legion.az-a bildirdi ki, Vaqif Zülfüqarovun torpaq sahəsinin “qanunsuz” olub-olmamasını ancaq məhkəmə müəyyən edə bilər. “Sabunçu RİH məhkəmə qərarı olmadan vətəndaşın bağ sahəsində heç bir söküntü işi aparmamalıydı. Vətəndaşlar da öz növbələrində RİH-i məhkəməyə verə bilərlər” , - deyə Osman Kazımov qeyd etdi. Ümid edirik ki, Sabunçu RİH-in rəhbərliyi araşdırmamız nəticəsində ortaya çıxan bu və digər suallara aydınlıq gətirəcək. Geri qayıt |