Əsas Səhifə > Sosial, Manşet > Əbülfəs Qarayevin Xaçmazdakı adamından xəbəri varmı?
Əbülfəs Qarayevin Xaçmazdakı adamından xəbəri varmı?27-01-2017, 09:02 |
Xaçmaz Mədəniyyət Evinin direktoru Zöhrab Məmmədov vətəndaşlardan pul alaraq, onları “işə götürmək” adı ilə aldatmaqda ittiham olunur. Həmin rayonun sakini Nəcməddin Hətəm oğlu Bəşarətov və onun bacısı Gülnaz Hətəm qızı Koroğluyeva Z.Məmmədovun onları “işə götürmək” adıyla 2015-ci ilin iyul-avqust aylarında hər birindən 1500 manat aldığını, bir müddət sonra isə müxtəlif “oyun”larla aldatdığını deyirlər. Bu barədə LEGİON-a məlumat verən G.Koroğluyevanın digər qardaşı və nümayəndəsi Vüsal Bəşarətov bildirib ki, ilk olaraq Xaçmaz Mədəniyyət Evində 1500 manata “sürücü vəzifəsinə işə düzələn” Nəcməddin Bəşarətov ilk ay cəmi jurnala qol çəkərək cəmi 100 manat maaş alıb. “Zöhrab Məmmədov qardaşıma demişdi ki, heç işə gəlmə, hər ay gəlib maaş alarsan. Qardaşım 1-ci ay 100 manat maaş alıb və inanıb ki, normal qaydada işə düzəlib. Bundan sonra, bacım Gülnaz Koroğluyeva da iş üçün müraciət edib və Zöhrab Məmmədov “kompyuterdə oturub işləyəcəksən” deyərək, ondan 1200 manat pul alıb. Daha sonra isə daha 300 manat istəyərək, “sənin işin düzəlir, 300 manat da ver, heç işə gəlmə deyib”. Gülnaz Koroğluyeva cəmi iki ay, hər ay 100 manat olmaqla jurnala qol çəkərək maaş alıb. Daha sonra, Zöhrab Məmmədov ona Beynəlxalq Banka aid maaş kartı verib, hər ay maaşı kartdan çıxaracağını bildirib. Lakin cəmi 1 dəfə o karta 55 manat pul yatırılıb. Qardaşım isə 1-ci aydan başqa ondan 5 manat bir, 20 manat bir olmaqla bir neçə dəfə pul ala bilib. 2016-cı ilin yanvarında qardaşımın boşanma ilə bağlı məhkəmə işi olanda Zöhrab Məmmədovdan arayış istəyib, ancaq arayışı uzun mübahisələrdən sonra ala bilib. Arayışda isə yazılıb ki, guya Nəcməddin orda nəzarətçi işləyib. O vaxtdan bəri, Zöhrab Məmmədov bizdən qaçır və nə pulu qaytarır, nə də işə götürmə və ya çıxarılma ilə bağlı əmrin surətini göstərmir”, - deyə V.Bəşarətov bildirdi. Nəcməddin Bəşarətov isə LEGİON-a bildirdi ki, məsələ ilə bağlı Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayevə də şikayət edib: “Dörd-beş ay əvvəl onunla görüşüb məsələni bildirdim. Dedi ki, mütləq bu problemi həll edəcək və Fərid adlı məsləhətçiyə məndən ərizə almağı tapşırdı. O vaxtdan bəri, heç bir xəbər yoxdur. Mən artıq Nazim müəllimə də inanmıram, çox güman ki, Zöhrab Məmmədovun əməllərindən onun da xəbəri var. Zöhrab Məmmədov ondan xəbərsiz belə bir fırıldaq edə bilməzdi. Tək biz deyilik, çox insanın başına belə oyun açıblar”.Xaçmaz Mədəniyyət Evinin direktoru Zöhrab Məmmədov LEGİON-a açıqlamasında bildirdi ki, nə Gülnaz Koroğluyevadan, nə də Nəcməddin Bəşarətovdan pul almayıb: “Mən onlardan pul almamışam, sadəcə ixtisara düşüblər deyə, ona görə belə edirlər. Mən nə edə bilərəm, ixtisarlar oldu, onlar da ixtisara düşdülər”. “Zöhrab müəllim, onların işdən çıxarılmasıyla bağlı hər hansı əmr və ya qərar varmı?”, - deyə soruşduq. “Var, amma dəqiq bilmirəm. Baxaram, yarım saata, bir saata sizə məlumat verərəm. Bu mülki məhkəmədir, işdən çıxarılmağa görə, məhkəməyə getsinlər”, - deyə Z.Məmmədov bildirdi. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayev isə məsələyə belə reaksiya verdi: “Kül təpənizə... Kül təpənizə... Elə “maşennik”ə də pul vermək olar?... Zöhraba deyin yanıma gəlsin... Müəllim, Zöhrab Məmmədov işə götürən deyil, elə bir səlahiyyətin sahibi deyil, niyə ona pul verirlər? Vətəndaşların özündədir günah ki, aparıb ona pul veriblər”. “Nazim müəllim, biz konkret iddia irəli sürmürük. Sadəcə, onlar belə deyirlər... Nəcməddin Bəşarətov sizə müraciət etdiyini deyib, özünüz araşdırmısınızmı bu məsələni? Sadəcə bunu bilmək maraqlı olardı”, - deyə qeyd etdik. “Mənə o qədər insan müraciət edir ki, yadımda deyil... Onlara deyin, mənə yaxınlaşsınlar, görüm nə məsələdir”, - deyə N.Ağayev bizimlə sağollaşdı. Zöhrab Məmmədovun “mülki məsələ” sözlərini LEGİON-a şərh edən hüquqşünas-ekspert Aqil Qəhrəmanov bildirdi ki, burda mülki məsələdən söz gedə bilməz. “Ortada cinayət əməli barədə iddialar var. Korrupsiya, vəzifə səlahiyyətlərini aşma, etibardan sui-istifadə halları kimi ittihamlar var. Əgər işəgötürmə barədə əmr olmayıbsa, Zöhrab Məmmədov barəsində dələduzluq əməli ilə bağlı da cinayət işi açıla bilər. Vətəndaşlar məhkəməyə yox, prokurorluq orqanlarına müraciət etməlidirlər. Hesab edirəm ki, hüquq mühafizə orqanları bu məsələyə reaksiya verməlidirlər”, - deyə A.Qəhrəmanov vurğuladı. Geri qayıt |