Əsas Səhifə > Sosial, Manşet > Seçkidən sonra hansı sahələrdə dəyişiklik gözlənilir?
Seçkidən sonra hansı sahələrdə dəyişiklik gözlənilir?14-04-2018, 11:30 |
Azərbaycanda prezident seçkiləri başa çatdı. Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri elan edib, namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş, indiki prezident İlham Əliyevin qalib gəlib. İlkin nəticələrə görə o, seçkilərdə iştirak edən digər namizədlərin hamısını böyük fərqlə geridə qoyub. Beləliklə, İlham Əliyev növbəti 7 ildə də ölkə başçısı səlahiyyətlərini icra edəcək. Oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilərin vaxtının aprelin 11-nə təyin edilməsinə, yəni, növbədənkənar sistemə keçirilməsinə gəlincə, bu gözlənilməz dəyişikliyin bir sıra məsələlərlə əlaqədar olduğu hələ xeyli əvvəldən məlum idi. Əsas məsələlərdən biri Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi üzrə gedən danışıqlarda vaxt itkisinə yol verməmək idisə, digər səbəb ölkədə aparılması planlaşdırılan kompleks islahatlarla (iqtisadi, siyasi, struktur və s.) bağlı olduğu deyilirdi. Hələ seçkilərdən bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev Rusiyanın “TASS” agentliyinə müsahibəsində də bundan danışdı. Prezident müsahibədə seçiləcəyi halda, islahatların davam etdiriləcəyini bildirdi: “Mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil”. Rusiya nümunəsi Başqa sözlə, prezident ciddi islahat anonsunu verib, bunun siyasi və iqtisadi sistemdə ciddi dəyişikliyə gətirib çıxaracağı gözləniləndir. Ölkə miqyasında işsizlik və yoxsulluq göstəricilərinin son 3 ildəki artımını nəzərə alsaq, kompleks islahatların keçirilməsi məqsədəuyğun hesab edilməlidir. Üstəgəl, nəzərə alsaq ki, tədricən özünü göstərməyə başlayan total sosial-iqtisadi böhrana görə hazırkı hökumətdə təmsil olunan bir sıra oliqarxlar və məmurlar ittiham edilir, bu baxımdan, ciddi addımların atılması hakimiyyətin öz nüfuzunu saxlamaq üçün də vacib olmalıdır. Şübhəsiz ki, struktur, yaxud, siyasi islahatlar aparmadan iqtisadi sektorda davamlı inkişafa nail olmaq mümkün deyil. Çünki ilk növbədə ölkənin strateji iqtisadi sektorlarını monopoliyasında saxlayan oliqarxlar sistemdən uzaqlaşdırılmalıdırlar. Həmin oliqarx - məmurların mövcud sosial-iqtisadi problemlərin çəkisinin artmasında böyük rolları var. Bu kimi dövlət adamlarının, yaxud məmurların Rusiya iqtisadiyyatını hansı vəziyyətə gətirdikləri göz qabağındadır. Son 7 ildə geosiyasi arenada özünə qarşı ciddi formada baş ağrısına çevrilmiş rəqib kimi qabağa çıxan Rusiyanı çökdürmək istəyən Qərb ilk növbədə daxili iqtisadiyyatda hər birinin milyardlarla dollar dəyərində qeyri-qanuni sərmayələri olan oliqarxları hədəfə alıb və sanksiyalar tətbiq edir. Məqsədə də böyük ölçüdə nail olunub və Vladimir Putinin başçılıq etdiyi komanda ciddi daxili və xarici təhlükə qarşısındadır. Təhlükədən sığortalanmaq Belə bir təcrübənin Qərblə münasibətləri o qədər də isti olmayan rəsmi Bakıya tətbiq ediləcəyi də ehtimallar arasında idi. Hələ iki il əvvəl ABŞ Konqresində Azərbaycana qarşı sanksiyalar da gündəmə gəlmişdi. Bu da o ehtimalı gücləndirir ki, yenidən formalaşdırılacaq hakimiyyət həm də Qərblə münasibətlərini qaydasına salıb, buradan ediləcək təzyiqləri azaltmaq üçün struktur islahatlarının üzərində ciddi dayanacaq. Əlbəttə, bu addımların ölkənin iqtisadi inkişafı, yaxud, qeyri-neft sektorunun inkişafı qarşısındakı maneələri aradan qaldıracağını da demək olar. Artıq 2016-cı ildən başlayaraq, ölkə rəhbərliyi monpolist oliqarxların bir neçə nəfərini yola salıb, bu addımların davamlı olacağına şübhə yoxdur. Yeni rəhbərlik ən az bunu xarici təhdidlərin qarşısını almaq üçün edəcək. Keçmiş Milli Təhlükəsizlik və Rabitə nazirlikləri ətrafında gedən proseslər də göstərdi ki, oliqarxlar ölkə üçün ciddi təhlükə mənbəyinə çevriliblər. Bu baxımdan, “böyük təmizləmə”dən sonra ölkə başçısının daha çevik, mobil və peşəkar hökumət modelinə üstünlük verəcəyi gözləniləndir ki, bu islahatlar da Nazirlər Kabinetindən icra hakimiyyəti struktrurlarınadək bütün idarəedici bölmələri əhatə edə bilər. Son illərdə sistem daxilindəki oliqarx-məmurlarla yanaşı, icra başçılarının da cəmiyyətlə hakimiyyət arasında uçurum yaratdığını nəzərə alsaq, ölkə başçısının bu sahəyə daha çox diqqət ayıracağını da əvvəldən demək olar. Paralel olaraq, idarəedici sistem daxilində Qərb, yaxud Rusiyanın “5-ci kolon”u funksiyalarını yerinə yetirməkdə ittiham edilən yüksək rütbəli şəxslərin də daxili və xarici təhlükəsizliyin təmin edilməsi strategiyası daxilində postlarından məhrum ediləcəyi gözləntisi də bura daxildir. Geri qayıt |