Əsas Səhifə > Sosial, Manşet > Həkimləri Təkmilləşdirmə İnstitutunda nə baş verir?

Həkimləri Təkmilləşdirmə İnstitutunda nə baş verir?


13-01-2020, 09:21
Həkimləri Təkmilləşdirmə İnstitutunda nə baş verir?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya

MÜRACİƏT

Möhtərəm Prezident!
Hörmətli Birinci Vitse-Prezident!

İşlədiyim Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda şəxsimə qarşı qərəzli münasibətlə, orada baş verən özbaşınalıq və qanunsuzluqlarla əlaqədar Sizə müraciət edirəm.

Mən uzun illərdir məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonundakı 2 saylı Tibb Kollecinin yataqxanasında məskunlaşmışam. Bu yaxınlarda isə Sizin biz məcburi köçkünlərə göstərdiyiniz davamlı qayğı sayəsində Bakı şəhəri, Qaradağ rayonu Qobu Park-2 yaşayış massivindəki ev 18, mənzil 37-yə köçmüşük. Bütün sahələr üzrə həyata keçirdiyiniz islahatları çox bəyənir, təqdir edir və dəstəkləyirik. Amma təəssüf edirəm ki, işinə məsuliyyətsiz yanaşan, qanundankənar əməllərlə məşğul olan, mövqeyindən sui-istifadə edən, vətəndaşları incidən bəzi vəzifə sahibləri hələ də var.

Belə ki, mən bir neçə ildir, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda qarderobçu kimi işləyirdim. Amma bu yaxınlarda heç bir səbəb olmadan məni işdən çıxararaq həmin institutun yataqxanasına xadimə kimi göndəriblər. Ancaq xəstəliyim – hərəkət məhdudiyyətim buna imkan vermir. Digər tərəfdən məni əmrlə yalnız bir aylığa göndərdiklərinə baxmayaraq, artıq üc aydır ki, xadimə kimi işləyirəm və hələ də geri qaytarılmamışam. İnstitutun Təsərrüfat işləri üzrə müdiri İkram Həsənov verdiyi qərarla bağlı heç bir səbəb göstərmir. Səbəb mənim özümə də bəlli deyil. Daha doğrusu, nə qədər fikirləşirəmsə hansısa nöqsana yol verdiyimi xatırlaya bilmirəm. Xatırlaya bildiyim yeganə səbəb isə bölgələrdən kursa gələn həkimlərlə və digər qanunsuzluqlarla bağlı ola bilər. Belə ki, nöqsanlarına görə işdən çıxarılan keçmiş mühafizəçi, hazırda isə institutda xadimə kimi çalışan Rasimə Əliyeva hələ mühafizəçi işlədiyi vaxtlarda məndən, kursa gələn həkimlərdən üst geyiminə (həkim xalatı) görə pul alıb ona verməyimi tələb edirdi. Mən isə institutun adına ləkə gəlməsini istəmədiyimdən hər dəfə bu tələbi rədd edirdim. Təsərrüfat işləri üzrə müdir müavini Maral Bayramlı isə kursa gələn həkimlərin qarderobda əmanət kimi (nə və kim üçün gətirdikləri mənə bəlli deyildi) qoyduqları bağlamanı götürüb aparırdı. Mən də etiraz edəndə ki, bunu mənə tapşırıblar, gəlib götürəcəklər, onda “buraların sahibi mənəm, xeyir ola, kursa gələnlər bağlamanı niyə başqa həkimlərə verməlidirlər” – deyə əsəblərini mənim üzərimə tökürdü. Yəni bununla mənə aydın oldu ki, söhbət hər hansı şəkildə rüşvətdən gedə bilər. Digər tərəfdən, R.Əliyeva xəstələri İnstitutda qəbul etmək üçün rektorun icazəsinin olmadığını xatırladıb, həm həkimlərdən, həm də xəstələrdən rüşvət alır. Müalicə üçün institutun qara pərdə çəkilmiş yeməkxanasından istifadə olunur.

İnstitutun adına alınmış avadanlıqlar, xalça, mebel, yuyucu vasitələr və digər avadanlıqlar İkram Həsənov-Maral Bayramlı cütlüyü tərəfindən mənimsənilir. İllərlə üzlərini görmədiyimiz (yalnız yoxlama olandan olana çağırıb gətirirlər) “işçilərin” maaş kartları da həmin cütlükdə olur. Belə ki, adına maaş kartı açılan həmin saxta “işçilərin” yerinə başqalarını işlədərək, az əmək haqqı verir, çox hissəsini isə özləri mənimsəyirlər. Ən dəhşətlisi də odur ki, institut əxlaqsızlıq yuvasına çevrilib. Mənim işdən kənarlaşdırılmağımda rol oynayan faktorlardan biri də budur, konkret desək, bütün bunlardan xəbərdar olmağımdır. İnstitutun rektoru Nazim Qasımova bu haqda yazdığım şikayətdən sonra İkram Həsənov mənə qarşı daha da aqressivləşərək “bizim əlimiz uzundur, hara istəyirsən şikayət edə bilərsən” deyə özbaşınalıq edir. Hətta şikayətlər əsasında əvvəlki iş yerimə bərpa oluna biləcəyim təqdirdə belə, mənə böhtan atıb yenidən işdən uzaqlaşdıracağı ilə hədələyir, “hələ sən bura qayıt, bax gör səni nələr gözləyir”, - deyə təhdid edir. Xadimə işlədiyim yataqxananın komendantına isə, başqa işçiləri saat 14:30-da və ya 15:00-da evə buraxdığı halda, məni saat 18:00-a qədər iş yerində saxlamağı tapşırıb. Məqsədin isə mənim heç yerə çıxıb şikayət etməyə vaxt tapa bilməməyimlə bağlı olduğunu deyib.
Qeyd etdiyim faktlardan sonra Maral Bayramlı və Rasimə Əliyeva, belə desək, məni qaralamağa, rəhbərlik yanında mənim mənfi obrazımı yaratmağa başladılar. İşdən çıxarılmağımın, İnstitutun yataqxanasına xadimə kimi göndərilməyimin mahiyyətində də bunun durduğuna əminəm: mənim yerimə nöqsanlara görə mühafizəçilikdən çıxarılan, indi isə xadimə kimi çalışan Rasimə Əliyevanı təyin etmək kimi bir niyyət durur.

Hörmətli xanım Mehriban Əliyeva!

Sizə və Səhiyyə naziri cənab Oqtay Şirəliyevə etdiyim müraciətdən və bu müraciətlərin İnstitutun rektoru Nazim Qasımova göndərilməsindən sonra İkram Həsənov və Maral Bayramlı məni İnstituta çağıraraq “Səhiyyə naziri O.Şirəliyev Mehriban Əliyevanın, İnstitutun rektoru Nazim Qasımov isə Səhiyyə nazirinin adamıdır, get hara istəyirsən şikayət et” – dedi. Və eşitdiyimə görə, şikayət ərizəsindən sonra saxta “işçilərin” yerinə işləyənlərin bəzilərini də artıq işdən çıxarıblar. Ərizədən sonra gördükləri “qara” işlərdən biri də xadimə işlədiyim hazırkı yataqxanada məndən fərqli olaraq saat 14:30-da və ya 15:00-da evə buraxılan digər xadimələr də artıq mənim kimi saat 18:00-da işdən çıxırlar. Təbii ki, ərizədən sonrakı bütün bu dəyişikliklər mənim guya böhtançı olmağımı sübuta yetirmək üçün atılan addımdır.

Hörmətli cənab İlham Əliyev, hörmətli xanım Mehriban Əliyeva!

İndiyə kimi bir neçə quruma etdiyim müraciətlər Səhiyyə Nazirliyinə, ordan isə Həkimləri Təkmilləşdirmə İnstituna göndərilsə də heç bir nəticəsi olmayıb. Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirəm ki, olanların araşdırılması və mənim əvvəlki iş yerimə bərpa olunmağım üçün köməklik göstərəsiniz.


Bakı şəhəri, Qaradağ rayonu Qobu Park-2 yaşayış massivi ev 18, mənzil 37-də yaşayan məcburi köçkün Mənsimova Vəfa Məhəmməd qızı
Bakı şəhəri, 11 yanvar 2020-ci il
//moderator.az//
Geri qayıt