Əsas Səhifə > Sosial, Manşet > Ağdaş Mərkəzi Xəstəxanasının həkimləri NECƏ ÖLÜMƏ SƏBƏB OLDU...
Ağdaş Mərkəzi Xəstəxanasının həkimləri NECƏ ÖLÜMƏ SƏBƏB OLDU...18-09-2021, 10:15 |
Zəkiyyə Nağıyevanın 12 yaşlı oğlu İbrahim ötən ilin sentyabr ayında vəfat edib. Anası onun ölümündə Ağdaş Mərkəzi Xəstəxanasının baş həkimi Nuru Nuyevi və digər həkimləri məsul tutur. Onun iddiasına görə, 11 yaşlı oğlu həkim səhlənkarlığı nəticəsində vəfat edib: “Oğlumun başı sətəlcəm idi. 2019-cu ildə Bakıya aparıb 4 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə etdirmişdim, vəziyyəti düzəlmişdi. Bir müddət sonra övladım başından yenə şikayət etməyə başladı. Mən də Ağdaş Mərkəzi Xəstəxanasında işləyən Fikrət adlı həkimin yanına apardım. Oğluma sistem və vitamin yazdı”. Zəkiyyə Nağıyeva deyir ki, bu müalicənin ardından Gəncə Xəstəxanasında oğlunun vəziyyətini öyrənmək üçün MRT etdirib. Orada oğlunun müalicəsinin yanlış aparıldığını, vəziyyətin pisləşdiyini və təcili Ağdaş Mərkəzi Xəstəxanasına aparılmalı olduqlarını bildiriblər. Bunu eşidən ana övladını yenidən Ağdaş Mərkəzi Xəstəxanasına çatdırıb. Zəkiyyə Nağıyeva “Ağdaş Mərkəzi xəstəxanasında Nüşabə və Bəxtiyar adlı həkim var idi. Mən onlara yalvardım ki, balama kömək edin. Təcili yardım maşını verin balamı Bakıya çatdırım. Onlarsa, göndərişi Bakıya yox, Yevlax xəstəxanasına verdilər”. Şikayətçinin sözlərinə görə, Yevlax xəstəxanasında da oğlu İbrahimin vəziyyətinin pisləşdiyini və təcili Bakıya çatdırılmalı olduğunu bildiriblər. Ancaq təcili yardım göndərişi sadəcə, Yevlax Xəstəxanasına verildiyi üçün Bakıya getmək mümkün olmayıb. Buna görə də, İbrahim və anası yenidən Ağdaş Mərkəzi Xəstəxanasına qayıtmalı olublar. Bundan əvvəl uşağın səhhəti ilə maraqlanan Fikrət adlı həkim ona Bakıya göndəriş vermək üçün sabah saat 10:00-da gəlməli olduqlarını bildirib: “Mən etiraz elədim ki, sabah saat 10-da niyə? Mənim övladım təcili Bakıya getməlidir. Dedi ki, sən uşağı pis öyrtəmisən, onda elə bir narahatlıq yoxdur. Sonra da təklif etdilər ki, Bakıya yol maşını ilə get. Təcili yardımdan Elnur adlı şəxs etiraz etdi ki, uşağın vəziyyəti pisdir, yeriyə bilmir yol maşını ilə necə getsin. Təcili yardım maşını verin, rahat Bakıya çatsın. Nüşabə həkim ilə Bəxtiyar həkim isə Elnura dedilər ki, “nə yaman canı yanan çıxmısan”. Sonra uşağa sakitləşdirici iynə vurub bizi evə göndərdilər”. 11 yaşlı İbrahimin vəziyyəti evə qayıtdıqdan sonra yenidən pisləşib. Uşağın vəziyyətinin pisləşdiyini görən anası yenidən oğlunu Ağdaş Mərkəzi Xəstəxanasına gətirib. Ana deyir ki, bu, oğlunun xəstəxanaya sonuncu gəlişi oldu. Gecə İbrahim xəstəxanada vəfat edib: “Yolda heç qızdırması da yox idi. Xəstəxanada Bəxtiyar həkimlə Simuzər həkimi gördüm. Mən pilləkəni çıxanda, bilmədim ayağım sürüşdü, ya məni itələdilərmi, yıxıldım. Məni bir otağa apardılar, uşağı digər otağa. Üzümə su vurulub ayılanda soruşdum ki, uşağım hardadır. Gördüm ki, otaqda uşağın damarın on qramlıq şprislə iynə vururlar. Şprisə qan gəldi. Simuzər doktor məni çağırıb dedi ki, sizə göndəriş yazılır, get evə uşağın, bir də ya yoldaşının, ya da özünün şəxsiyyət vəsiqəsini gətir. Mən də sevindim, özümü tez evə çatdırdım ki, uşaq üçün bir-iki dəst paltar hazır etdim. Bu anda mənə zəng gəldi ki, “Zəkiyyə xanım, təcili yardım maşını Bakıya getdi”. Əvvəldən mənə göndəriş verilmirdi, necə oldu ki, indi təcili yardım Bakıya getdi? Dedilər ki, təcili yardımla özümüz uşağı Bakıya aparırıq, sən gəlmə. Mən də özümü xəstəxanya çatdırdım. Gördüm Simuzər doktor, yanında bir tibb bacısı dayanıb. Yanlarında da prokrurluqda işləyən Nəriman müəllim, polis işçiləri tökülüşüb gəlib. İçəri girəndə gördüm ki, övladımın üzünü bağlayıblar. Qışqırdım ki, övladım ölməyib, ürəyi vurur. Dedilər ki, başın sağ olsun, evdə ölüb. Dedim mənim balam necə evdə ölə bilər? O yolda mənimlə danışırdı”. Nağıyevanın sözlərinə görə Ağdaş rayon prokurorluğundan baş müstəntiq Nəriman Bağırzadə onun həkim səhlənakarlığı ilə bağlı şikayyətini qeydə almayıb. Xəstəxanada olan polislər isə onu evə göndərib bildiriblər ki, övladının cəsədini özləri gətirəcəklər: “Mənim balamı mənim icazəm olmadan aparıb yardılar. Hələ Nəriman müəllim yoldaşıma deyir ki, cibimdən pul qoyub sənin uşağını Xaldanda yardırmışam. Bir valideyinə belə bir söz deyərlər? Həkimlərin üstərinə gedirəm gah deyirlər qızdırmadan öldü, gah deyirlər başında sətəlcəm vardı ondan öldü. Mən şikayət etmək istəyən kimi müstəntiq Nəriman Bağırzadə deyir ki, səni məhkəməyə verəcəm. Mən də deyirəm, məni nəyə görə məhkəməyə verirsən? Məni Ağdaş Rayon Prokuroru Tural İbrahimovun yanına şikayətə getməyə qoymur. Deyirlər ki, günah bizdə deyil, səndə olub. Mənim nə günahım olub axı? Mən balamın sağlamlığı üçün çalışmışam. Ondan ötrü ürək xəstəliyi tapmışam. Məni hər dəqiqə hədələyirlər ki, səni məhkəməyə verəcəyik. Axı, nəyə görə? Maraqlıdır, məni niyə məhkəməyə verirlər? Oğlu ölən mənəm, onlar məni məhkəməyə verirlər. Mən istəyirəm ki, balamın qanı yerdə qalmasın. Mən istəyirəm ki, onlar tutulsun, cəzalarını çəksinlər”. Ölüm haqqında şəhadətnamə Baş Prokurorluğun mətbuat xidmətindən Kənan Zeynalov “Gözətçi”yə məsələ ilə bağlı münasibət bildirərək qeyd edib ki, 14 sentyabr 2020-ci il saat 20.30-da Tovuz rayonu, Əsrik Cırdaxan kəndində qeydiyyatda olan və Ağdaş şəhərində yaşayan Abbasov İbrahim Yusif oğlunun Ağdaş rayon xətəxanasına yüksək qızdırma diaqnozu ilə gətirilməsi, xəstəxanada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı fakt üzrə məhkəmə tibbi, məhkəmə-tibbi ekspertiza, əlavə məhkəmə-tibbi ekspertizaları təyin edilərək müvafiq rəylər alınıb. 22 aprel 2021-ci ildə araşdırmanın nəticələri və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Qeyd edək ki, Zəkiyyə Nağıyeva Prokurorluğun mövqeyi ilə razılaşmadığını və övladının ölümundə təqsirli bildiyi şəxslərin cəzalandırlaması üçün məhkəməyə müraciət etmək istədiyini bildirir. Şikayətçi deyir ki, maddi imkanı olmadığını üçün hüquqi yardım ala bilmir. //gozetci.az// Geri qayıt |