Əsas Səhifə > Sosial, Manşet > Vəzifə səlahiyyətlərini prezidentin iradlarından sonra xatırlayan məmurun yeri haradır?

Vəzifə səlahiyyətlərini prezidentin iradlarından sonra xatırlayan məmurun yeri haradır?


25-07-2015, 10:16
Vəzifə səlahiyyətlərini prezidentin iradlarından sonra xatırlayan məmurun yeri haradır?
Ölkəmizdə məmur korpusu ilə bağlı olduqca arzuolunmaz bir tendensiya yaranıb. Tutaq ki, hansısa sahədə həll olunması hava-su qədər vacib olan problem yaranıb, Kütləvi İnformasiya vasitələri mütəmadi olaraq həmin problemlərin işıqlandırılması ilə məşğuldur və s. Amma həmin sahəyə birbaşa məsul olan, problemi həll etmək vəzifə səlahiyyətində olan məmurları hərəkətə gətirmək mümkün olmur. Dəfələrlə müşahidə etmişik ki, sonda ölkə prezidenti İlham Əliyev həmin problemləri qaldırıb, müvafiq dövlət strukturlarının hərəkətsizliyini sərt şəkildə tənqid edib və yalnız bundan sonra məmur ordusu problemlərin həlli istiqamətində hansısa fəaliyyətə keçib.

Belədə ortaya haqlı sual çıxır: Məgər, bütün problemlərin həll olunması üçün Prezidentin müdaxiləsi lazımdırmı? Axı,ölkə prezidenti onsuz da gərgin iş rejimində çalışır, onun iş qrafiki çoxsaylı görüş, qəbullar, danışıqlar və digər tədbirlərlə əhatə olunub. Bu baxımdan prezidentin bütün sahələrdəki ən xırda problemlərin həlli üçün müdaxilələr etməsini gözləmək nə dərəcədə məntiqlidir. Axı, hər bir sahəyə məsul olan məmur ordusu var, bütün müşküllər prezidentin müdaxiləsindən sonra həll olunacaqsa bəs həmin məmurlara nə ehtiyac var? Ümumiyyətlə, vəzifə səlahiyyətlərini prezidentin iradlarından sonra xatırlayan məmur kimə və nəyə lazımdır? Hesab edirik ki, fəaliyyətləri yalnız ictimai narazılıq yaradan belə məmurların nəsibi yumşaq kreslolar deyil, dəmir barmaqlıqlar olmalıdır.
Bu günlərdə isə yuxarıda bəhs etdiyimiz halı təkrar yaşamaq zorunda qaldıq. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə dövlət başçısı ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarla yanaşı hər bir Azərbaycan vətəndaşını narahat edən bir sıra vacib məqamlara da toxunub. Prezidentin müşavirədə çıxışı zamanı xüsusi diqqət yetirdiyi məsələlərdən biri də ölkənin turizm sektorunda müşahidə edilən arzuedilməz vəziyyət olub. Dövlət başçısı bu sahədəki problemlərə toxunaraq turizm obyektlərində, otellərdəki qiymətlərə irad tutub, bu sahə ilə məşğul olan iş adamlarına nəticə çıxarmağı tövsiyyə edib: “Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beş ulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir”.
Prezident daha sonra AZAL rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edərək, qiymətlərin hədsiz bahalılığından söz açmış və bunun ölkəmizin turizm potensialına zərbə olduğunu xatırlatmışdı. "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı. "AZAL" dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?" Xatırladaq ki, bu sözləri də Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında səsləndirmişdi.
Dövlət başçısı eyni zamanda Vergilər Nazirliyini, yerli icra hakimiyyətlərini də kimlərəsə “krışalıq” etməkdə, sahibkarlardan qanunsuz haqlar toplamaqda ittiham etmişdi. İctimai rəydə birmənalı olaraq müsbət qarşılanan prezidentin bu çıxışından sonra isə fəaliyyətində nöqsanlar olan və adları açıq şəkildə çəkilən dövlət qurumları ciddi şəkildə hərəkətə gəldilər. Həmin dövlət qurumlarının rəsmiləri bir-birinin ardınca xüsusi açıqlamalarla çıxış edərək, göstərilən nöqsanların qısa zamanda aradan qaldırılması üçün fəaliyyətə başladıqlarını bəyan etdilər. Məsələn, təyyarə biletlərinin hədsiz bahalılığına görə tənqid olunan AZAL dərhal ucuzlaşma siyasəti həyata keçirdiyini söylədi və bununla bağlı xüsusi açıqlama yaydı. Dövlət başçısının kəskin çıxışından sonra "Azərbaycan Hava Yolları" QSC-nin bəzi istiqamətlər üzrə biletlərin ucuzlaşdırılması barədə xəbər yayıldı. Qurum bəyan etdi ki, bəzi istiqamətlərdə özünün guya büdcəli sərnişindaşıma xəttini yaradacaq. Şirkətin saytında yer alan məlumata görə, "Azərbaycan Hava Yolları" aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) quracaq:
- Bakı-Antalya-Bakı - bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;
- Bakı-İstanbul-Bakı - bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;
- Bakı-Moskva-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;
- Bakı-Dubay-Bakı - bu ilin oktyabrından başlayaraq hər gün bir uçuş.
Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq.
Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
Bundan əlavə, "Azərbaycan Hava Yolları"nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq.
Beləliklə, bu ilin avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları"nın bütün istiqamətlər üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.
Sual oluna bilər ki, tariflərin ucuz olması üçün mütləq Prezidentmi göstəriş verməli idi? Qiymətləri öncədən ucuz sata bilməzdimi? Axı, dövlət başçısının da bildirdiyi kimi, bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilir. Elə fəaliyyətində ciddi nöqsanlar olan digər dövlət qurumları ilə bağlı da oxşar situasiyadır. Yalnız Prezidentin tənqidlərindən sonra “qollarını çırmalayan” belə məmur korpusunun cəzasız qalması isə cəmiyyət olaraq bizə yeni-yeni problemlərin anonsunu verməkdədir.

Geri qayıt