Əsas Səhifə > Sosial, Manşet > Gədəbəy camaatı inanır ki...
Gədəbəy camaatı inanır ki...27-08-2015, 10:21 |
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları rayonda daha bir faciənin yaşanmasına səbəb olub. Məlum olduğu kimi, bir müddət bundan əvvəl icra başçısı rayonda gedən bütün işləri dayandırmaq barədə göstəriş vermişdi. Bu xüsusda aldığımız məlumatlarda vurğulanırdı ki, Ramiz Yediyarov yaxın günlərdə vəzifədən alınacağına dair xəbərlərin təsdiqləndiyinə görə bu addımı atıb. Lakin “dondurulmuş” işlərin sırasında rayon üçün strateji əhəmiyyət kəsb edən və təcili başa çatdırılması tələb olunan müəyyən işlər təbii ki, yer almayıblar. Məsələn, Gədəbəyin su və kanalizasiya xətlərinin yenilənməsilə bağlı olan işlər kimi. Yeri gəlmişkən, ötən saylarımızda dərc etdiyimiz materiallarda biz gədəbəylilərin isti yay aylarında susuzluqdan və bu səbəbdən yaranmış antisanitar vəziyyətdən necə əziyyət çəkdikləri barədə açıqlamalar təqdim etmişdik. Hələ ilin əvvəllərində, daha dəqiq desək yanvar ayında Gədəbəydən aldığımız məktublardan birində vətəndaş şəhərdə yaranmış vəziyyəti belə təsvir edirdi: “Qışın oğlan çağında Gədəbəy sakinlərinin acınacaqlı su probleminin nə olduğunu təsəvvür etməkdə yəqin ki, hörmətli oxucular çətinlik çəkmirlər. Bəli, bizim belə bir problemi xalqa “hədiyyə edən” bir icra başçımız var. Cənab Yediyarov barədə yerli sakinlər tərəfindən müxtəlif instansiyalara edilən şikayətlərin nəticəsi olaraq, rayon rəhbəri şəhər sakinlərini su ilə də imtahana çəkdi. Təsəvvür etməkdə çətinlik çəkirsən ki, hər gün rastlaşdığı bu insanların üzünə necə baxır bu başçı. Amma o da məlumdur ki, bizim icra başçısı şəhər sakinləri tərəfə heç gözünün ucu ilə belə baxmır...” Bir müddət sonra, artıq yay aylarında aldığımız növbəti məlumatlarda isə rayonun su probleminin daha da kəskinləşdiyi bildirilir və bu problemi yaradan şərtlərdən bəhs olunurdu. Mənbələr iddia edirlər ki, Gədəbəy Sukanal İdarəsinin rəisi Yaşar Hüseynov müxtəlif maxinasiyalara əl ataraq, idarənin səmərəli fəaliyyətinin təmin olunması üçün ayrılan pulların nağdlaşdırılaraq mənimsənilməsinə şərait yaratmışdır. Təbii ki, bu maxinasiyalar Yaşar Hüseynov tərəfindən heç də özbaşına həyata keçirilməyib. İddialara görə Sukanal İdarəsinin rəisi bu əməlləri birbaşa Ramiz Yediyarovun göstərişləri əsasında icra edib. Elə əldə olunan “gəlilərin” də böyük bir hissəsi məhz başçıya təqdim olunub. Açıqlamalarda bildirilirdi ki, Yaşar Hüseynov bu məqsədlərlə nə maddi-texniki bazaları, nə də tələb olunan insan resursları olmayan müxtəlif saxta firma və MMC-lərin xidmətlərindən yararlanıb. Məhz elə bu səbəbdən də Gədəbəy şəhəri su təchizatı ilə bağlı bir çox ciddi problemlərlə üz-üzə qalıb. Bu xüsusda məlumat verən mənbə ilk növbədə Quldurlu kəndi ərazisində yerləşən və Gədəbəy şəhərini içməli su ilə təchiz etməli olan su təmizləyici stansiya ilə bağlı müəyyən faktları diqqət mərkəzinə çəkmişdi. Belə ki, yayın ortalarında stansiyanın su anbarında yaranmış bir problem Gədəbəy şəhərində ciddi fəsadların əmələ gəlməsinə səbəb olmuşdu. Mənbə bildirir ki, Quldurlu stansiyasındakı anbarda olan su bir müddət əvvəl gözlənilmədən yoxa çıxmışdı. Sonradan məlum olmuşdu ki, su anbarının dibində çatlar əmələ gəlmişdir və su da məhz bu çatlardan sızaraq yerin altına getmişdir. Nəticədə isə Gədəbəy şəhərinin böyük bir hissəsi, o cümlədən Mehdi Quliyev, Mir Cəlal Paşayev, M.Ə. Rəsulzadə və Şəhriyar küçələrində yerləşən binalar tamamilə susuz qalmışdılar. Həmçinin yerli sakinlər tərəfindən xəbər verilmişdi ki, su təchizaının dayandırılması və bu səbəbdən kanalizasiya sisteminin də işlək vəziyyətdə olmaması ərazinin, eləcə də bütün şəhərin sanitar vəziyyəti üçün son dərəcə ciddi problemə çevrilmişdir. Bəzi məlumatlı mənbələr isə, su təchizatının tezliklə bərpa olunmayacağı təqdirdə şəhərdə müxəlif infeksion xəstəliklərin yayıla biləcəyinə dair mütəxəssislər tərəfindən xəbərdarlıq olunduğunu da vurğulayırdılar.Lakin bütün bunlar Gədəbəy şəhərinin su-kanalizasiya sisteminin yenilənməsi işləri ətrafında gedən spekulyativ proseslərlə müqayisədə “kiçik xətalar” təəssüratı bağışlaya bilər. Məlum olduğu kimi, hələ ötən ilin sonlarında Azərbaycan hökumətinin İslam İnkişaf Bankı (İİB) ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanmışdı. Mənbə bildirir ki, bu məqsədlə Gədəbəy rayonuna 54 milyon manat məbləğində vəsait ayrılmışdır. Bu vəsaitlə su təchizatı və kanalizasiya xətlərinin təmiri, eləcə də yeni xətlərin çəkilməsi nəzərdə tutulub. “Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11500 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 5 kəndinin (Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü, Qaradağ) 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunmalı, ümumilikdə isə layihədən 23 mindən artıq insan faydalanmalıdır. Lakin, bu işlərin icrası başlandığı kimi də qəfil dayanıb. Yalnız bu ilin fevral ayında işlərin davam etdirilməsi mümkün olub. Məsələ bundadır ki, ilkin olaraq işlərin görülməsi üçün bir yapon şirkəti ilə razılıq əldə olunmuşdu. Lakin, iş gəlib maliyyə vəsaitlərinin “bölüşdürülməsinə” çatanda, yaponlar bizim ənənəvi bölgü qaydalarına hörmətsizlik nümayiş etdiriblər. Başqa sözlə desək, yapon şirkəti ona veriləcək sifarişin müqabilində tələb olunan “otkatı” (şirkətin hesabına köçürüləcək məbləğdən nəğd şəkildə geri ödəniləcək rüşvət – red. ) ödəməkdən imtina edib. Nəhayət, Gədəbəy şəhərində yaranmış son dərəcə böhranlı vəziyyət su və kanalizasiya xətlərinin yenilənməsi üzrə işlərin bərpa olunması zərurətini ortaya qoyduqdan sonra, bu ilin fevral ayından etibarən həmin işlər yerli şirkətlərdən birinə həvalə olunub. Maraqlıdır ki, şəhər sakinləri bu şirkətin nə adı, nə rəhbərliyi, nə sahibi, nə də indiyədək hansı layihələrin həyata keçirilməsində iştirakı olması barədə heç bir məlumata malik deyillər. Eyni zamanda da bu şirkət aldığı sifariş üzrə işləri bir sıra ciddi qanun pozuntuları ilə həyata keçirməkdədir. Mənbələr bildirirlər ki, şirkət işlərə cəlb etdiyi usta və fəhlələrlə heç bir əmək müqaviləsi bağlamır. Eyni zamanda da fəhlələrin əməyini qul əməyi kimi dəyərləndirən şirkət rəhbərləri, heç bir təhlükəsizlik tədbirləri də həyata keçirmirlər. Bunun nəticələri isə, çox ağır olur. Yeni aldığımız məlumata görə, 3 gün bundan əvvəl aparılan qazıntı işləri zamanı bədbəxt hadisə baş vermişdir. Belə ki, tikintidə işləyən Tağıyev Rüstəm Cəlal oğlu hansısa işi icra etmək üçün yeni qazılmış xəndəyə düşüb. Bu zaman xəndəyin kənarında qalaqlanmış torpaq qatı sürüşərək, fəhlənin üzərinə tökülüb. Nəticədə Rüstəm Tağıyev hadisə yerində dünyasını dəyişib və onun iki azyaşlı övladı ata qayğısından həmişəlik məhrum olublar. Həm də mənbələr bildirirlər ki, bu, su-kanalizasiya sisteminin yenilənməsi işlərinin gedişində baş verən yeganə bədbəxt hadisə deyil. Məsələn, bir müddət əvvəl daha bir fəhlənin əlləri iri ölçülü kanalizasiya lyukunun qapağı altında qalmışdı. Nəticədə vətəndaş 4 barmağını itirmişdir. Lakin bütün bunlar Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyini az maraqlandırır. Əgər belə olmasaydı, dövlət əhəmiyyətli layihənin həyata keçirilməsi üzrə işlər belə məsuliyyətsiz və səriştəsiz bir şirkətə həvalə olunmazdı. Yeri gəlmişkən, aldığımız məlumatlarda belə bir məqam da xüsusi olaraq vurğulanır ki, aparılan işlərin gedişində 2014-cü ildə asfaltlanmışbir çox küçələrin yolları qazılaraq bərbad vəziyyətə gətirilir. Əlbəttə ki, su və kanalizasiya xətlərini çəkilişi üçün bu qazıntı işləri qaçınılmazdır. Lakin şəhər sakinlərini belə bir sual düşündürür ki, artıq bir neçə ay sonra qazılacağı məlum olan küçələrə tələm-tələsik asfalt örtüyünün çəkilməsində RİH rəhbərliyinin məqsədi nə idi? Bu sualın yalnız bir cavabı ola bilər ki, o da iş prosesi zamanı vəsaitlərin müəyyən hissəsinin mənimsənilməsinə yaranan imkanla bağlıdır. İndi həmin küçələr ikinci dəfə asfaltlanacaq. Deməli, mənimsəmələr üçün də ikinci imkan ələ düşəcək. Təbii ki, bütün bu özbaşınalıqlar Gədəbəy sakinlərini artıq çoxdan bezdirib. Ramiz Yediyarov isə, hələ də müəyyən havadarlarının və müxtəlif yalanların sayəsində gədəbəylilərə zülm etməkdə davam edir. Lakin Gədəbəy camaatı səmimi qəlbdən inanır ki, ən qısa zamanda ölkə prezidenti tərəfindən bütün bu qanunsuzluqlara son qoyulması və Ramiz Yediyarovun məsuliyyətə cəlb olunması xüsusunda lazımi tədbirlər görüləcəkdir.\\bizimdovr.az\\ Geri qayıt |