Əsas Səhifə > Sosial, Manşet > Neftçala təhsili dərin problemlər çalasında...
Neftçala təhsili dərin problemlər çalasında...22-09-2015, 08:42 |
DİA.AZ: - Bu gün ölkənin təhsil sistemində yer almış nöqsanların aradan qaldırılması, bu sahədə həyata keçirilən əsaslı dövlət islahatlarının effektivliyinin artırılması məqsədilə bütün ölkə ictimaiyyəti, o cümlədən kütləvi informasiya vasitələri də prosesləri diqqətlə izləyir və zəruri məqamlarda müəyyən müdaxilələrlə hadisələrin inkişafına təsir göstərməyə çalışırlar. Bu baxımdan mətbuat səhifələrində xüsusən bəzi rayon təhsil şöbələrinin yarıtmaz fəaliyyətlərinin ifşasına yönəldilmiş tənqidi materialların dərci də təqdirə layiq hal kimi qiymətləndirilməlidir. Qeyd etməliyik ki, bu mövzu, redaksiyamıza daxil olan çoxsaylı şikayət məktubları nəzərə alınmaqla, bizim də hər zaman diqqət mərkəzində saxladığımız sahələrdəndir. Kütləvi informasiya vasitələri tərəfindən fəaliyyəti, şəxsi və peşəkar keyfiyyətləri mütəmadi olaraq obyektiv tənqidə məruz qoyulan bu kimi müəssisə rəhbərlərindən biri də Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovdur. DİA.AZ xəbər verir ki, yeni tədris ilinin başlanması ilə, Neftçalanın əksər təhsil müəssisələrində neqativ hallara da paralel olaraq start verilib. Qeyd olunur ki, bu özbaşınalıqlar ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti kəskin olaraq aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Məlumatlara görə Neftçala məktəblərində elə müəllimlər var ki, il boyu “işlədikləri” məktəbə ayaq basmırlar. Amma onların dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür. Buna görə də bir çox mənbələr iddia edirlər ki, Əjdər Kərimov demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır və bu tendensiya artıq yeni tədris ilində də eynilə müşahidə olunmaqdadır. Həmçinin mənbələr RTŞ müdiri tərəfindən rayonun orta məktəblərinə işə müəllim qəbulu zamanı da ciddi qanun pozuntularına yol verildiyini vurğulayırlar. Bildirilir ki, Əjdər Kərimov müəyyən məbləğlərdə rüşvət almaq müqabilində işə qəbul qaydalarını Təhsil Nazirliyi tərəindən qəbul edilmiş formadan çox fərqli şəkildə təyin edə bilir. Daha dəqiq desək RTŞ müdirinin işə götürdüyü bəzi müəllimlər müvafiq test imtahanları verməyə də bilərlər. Həm də bu kadrlar digər həmkarları ilə müqayisədə müəyyən imtiyazlara da malik olurlar. Belə ki, RTŞ müdiri “öz kadrlarını” işlə təmin etmək məqsədilə digər müəllimlərin dərs saatlarından kəsərək, həmin saatları onlara verir. Bu isə təbii ki, Neftçala məktəblərində dərs deyən müəllimlərin maddi rifahlarının yüksəlməsinə qətiyyən xidmət etmir. Digər tərəfdən də, təqdim olunan açıqlamalarda Əjdər Kərimov tərəfindən rayon təhsilinin ehtiyacları üçün ayrılan dövlət vəsaitlərinin də mənimsənilməsi hallarına yol verildiyi bildirilir. Qeyd olunur ki, xüsusilə yay tətili dövründə bir çox məktəblərin təmir olunması bəhanəsilə külli-miqdarda mənimsəmələrə yol verilmişdir. İddialara görə, RTŞ rəhbərliyi bu məqsədlərlə bəzi şirkətlərlə müqavilələr bağlayaraq, vəsaitlərin onların bank hesablarına köçürülməsini təmin etmişdir. Lakin reallıqda bu şirkətlər heç bir iş görməmişlər. Köçürülən pullar isə, nağdlaşdırılaraq müəyyən faiz çıxıldıqdan sonra, yenidən Əjdər Kərimova qayıtmışdır... Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |