VİRTUAL MEDİAYA AYRILAN PULLARA TAMAH SALAN VAR
Tarix: 6-05-2013, 14:36 |
Çap et
İNTERNET MEDİAYA ARTAN HÜCUMLARIN ŞOK SƏBƏBLƏRİ
DİA.AZ: - Redaksiyamıza hakimiyyət içində gedən oyunlarla bağlı ilginc məlumatlar ötürülüb. Söhbət mətbuatla bağlı siyasətdən gedir. DİA.AZ-a məlumatı verən mənbə iddia edir ki, əslində son günlər internet-media ilə bağlı bəzi dairələrin etdiyi çıxışlar səbəbsiz deyil.
Mənbənin söylədikləri: «Birbaşa olaraq dövlət başçısının təlimatı əsasında internet media ilə bağlı müəyyən tədbirlər planı hazırlanır ki, burada virtual mətbuata dövlət tərəfindən dəstəyin verilməsi də nəzərdə tutulub. Prezidentin bu təşəbbüsü də illərdir mətbuata ayrılan dövlət vəsaitini sümürən müəyyən bir qrupda əlavə iştaha açıb. Yəni çap mətbuatında olduğu kimi, virtual mətbuatda da bu adamlar dövlətin ayırdığı pulları öz ciblərinə ötürməyi planlaşdırırlar».
Mənbə daha sonra davam edir: «Elə bu səbəbdən də son günlər həmin fırıldaqçı şəbəkə olan-qalan internet media nümunələrinə qarşı ucdan-tutma qarayaxma kampaniyasına start verərək, olanları gözdən salmağa çalışırlar. Əvəcində isə paralel olaraq öz internet medialarını yaradırlar. Və hətta oxucu kütlələri toplaya bilmələri üçün məmurların «vurulmasına» belə icazəlidirlər. Yəni ilk başdan normal internet-mediadan fərqlənməməlidirlər ki, oxucularda çaşqınlıq yarada bilsinlər».