BAŞ REDAKTOR PREZİDENTDƏN KÖMƏK İSTƏYİR
Tarix: 14-05-2013, 13:56 |
Çap et
«MƏHKƏMƏ SÜBUTLARI QƏBUL ETMİRSƏ, O ZAMAN»…
DİA.AZ: - Məlum olduğu kimi, qanunsuz və qondarma ittihamların hədəfinə çevrilən «Gündəm Xəbər» qəzetinin təsisçisi Şirin Cəfərinin məhkəməsi yekunlaşmaq üzərədir. Dünən artıq dövlət ittihamçısı tərəfindən qəzet sahibinə 5 illik həbs cəzası istənilib ki, bunu da «Gündəm Xəbər» redaksiyası Prezident Administrasiyasından gələn sifariş kimi qəbul edir.
Bu barədə DİA.AZ-a danışan Şirin Cəfəri bildirdi ki, bu işdə başlıca sifarişçi PA-nın şöbə müdiri Əli Həsənovdur: «Konkret bir plan üzərə neçə müddətdir ki, «Gündəm Xəbər» qəzetini susdurmağa çalışırlar. Hətta bu işdə Vergilər Naziri Fazil Məmmədovu da bir alətə çevirə biliblər. İndi isə baş prokurorluğun da bu prosesdə iştirakçı olduğu üzə çıxır. Halbuki biz ədalətli qərarın veriləxəyinə ümid edirdik. Çünki vergilər nazirliyinin ittihamı absurd idi. Hətta bir qəzet redaksiyası istəsə belə iddia olunan şəkildə vergidən yayına bilməz».
Şirin Cəfəri artıq həbs təhlükəsinin astanada olduğunu da bildirdi: «Mən prezidentə müraciət edəcəm və artıq bu barədə konkret sübutları da hazırlamışam. Çünki mənim məhkəməyə təqdim etdiyim sübutlar nəzərə alınmırsa, o zaman həmin sübutları prezidentə təqdim edəcəm, bir vətəndaş kimi ondan haqqımın bərpasını istəyəcəm».