RÖVNƏQ ABDULLAYEVİN SAXTAKARLIĞI
Tarix: 12-12-2011, 16:34 |
Çap et
ARDNŞ HAQDA MÜSBƏT RƏY VERƏN AUDİT ŞİRKƏTİ FIRILDAQÇI İMİŞ
DİA.AZ: - Beynəlxalq Şəffaflıq Təşkilatı - Transparency İnternational və Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch İnstitute) bu ilin əvvəlində yaydığı hesabatda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) - SOCAR haqda ciddi məqamlar yer almışdı. Hesabata görə SOCAR anti-korrupsiya proqramları barədə ümumiyyətlə məlumat vermir. Bu göstəriciyə görə Azərbaycan şirkəti Rusiyanın Qazprom şirkəti ilə bir sırada «0» faiz almışdı.
İndi isə ARDNŞ-lə bağlı daha sensasion fakt üzə çıxıb. Məsələ Azərbaycan Dövlət Neft Şirkətini auditdən keçirmiş və Azərbaycan iqtisadçılarına yaxşı tanış olan «Ernst &Young» şirkətilə bağlıdır. Bu auditor şirkəti ARDNŞ-in 2010-cu il üzrə bütün göstəricilərinin qaydasında olması barədə rəy verib. Amma bu auditor şirkətinin özü ilə bağlu ilginc bir fakt var. 2010-cu ilin sonu və 2011-ci ilin əvvəlində məşhur «Wall Street Journal» belə bir xəbər yayımlayıb ki, həmin bu «Ernst &Young»a qarşı Nyu-York prokurorluğu tərəfindən ittiham irəli sürülüb.
Prokurorluq adıçəkilən auditor şirkətini dələduzluqda ittiham edib. İş Nyu-York prokuroru Endryu Kuomonun şəxsi nəzarəti altındadır. «Lehman Brothers Holdings»in müflis olmasında günahlandırılan «Ernst & Young» «repo 105» tranzaksiyaları zamanı 50 milyard dolların qanunsuz olaraq silinməsindən məlumatlı olub. Prokurorluq bu qənaətə gəlib ki, 2001-2007-ci illər ərzində «Lehman Brothers»i auditor yoxlamasından keçirmiş «Ernst & Young» qanunsuz maliyyə əməliyyatlarını bilərəkdən gizlədib.