ABBAS ABBASOV PORTALIMIZA QARŞI İDDİA QALDIRIR
Tarix: 5-07-2013, 15:33 |
Çap et
DAHA BİR NEÇƏ KİV DƏ HƏDƏFDƏDİR
DİA.AZ: - Hazırda Kremlin antiAzərbaycan layihəsində əsas qəhrəmanlardan biri kimi diqqətə gələn Azərbaycan baş nazirinin keçmiş müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «AST» Şirkətlər Qrupunun vitse-prezidenti Abbas Abbasov guya ki, Azərbaycan mətbuatında təhqir olunduğunu iddia edərək məhkəməyə müraciət etməyə hazırlaşır.
Bu barədə DİA.AZ-ın elektron poçtuna məlumat daxil olub. Xəbərdə bildirilir ki, «Milyarderlər İttifaqı»nın sədri bir neçə Azərbaycan KİV-inə qarşı, habelə «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır. Xəbərdə bildirilir: «Artıq Bakıda müvafiq olaraq hüquq firmalarından biri ilə müqavilə bağlanılıb. Və həmin hüquq firması vəkalətnamə əsasında Abbas Abbasovun adından DİA.AZ-a və daha bir neçə xəbər portalına qarşı məhkəmə iddiası qaldıracaq. İddiada həm təzminat və həm də həbs olunma tələbi nəzərdə tutulub».
Xatırladaq ki, buna qədər də Abbas Abbasov Azərbaycan mətbuatında ünvanına aşağılayıcı ifadələrin işlədilməsindən giley etmişdi və hətta «Azerros»a aid saytda həmin mövqedən çıxış edərək baş nazirin keçmiş müavinini müdafiə edən yazılar yerləşdirilmişdi. İndi isə aydın olur ki, «Milyarderlər İttifaqı»nın şefi portalımızı və daha bir neçə mətbu orqanı məhkəmə yolu ilə susdurmağa çalışır.