ZİYALILARA “TEXNİKİ” QADAĞA QOYULUBMUŞ
Tarix: 29-12-2011, 16:16 |
Çap et
OTEL PROBLEMƏ “AYDINLIQ GƏTİRDİ”
““Hyatt Regency” oteli kompleksinin bir hissəsində texniki və mexaniki problemlər yaranıb. Nəticədə otel kompleksinin bir hissəsində, daha dəqiq ilk iki binada elektrik sistemi sıradan çıxıb. Bununla əlaqədar iki binada işıqlandırma, təhlükəsizlik, ventilyasiya və isitmə sistemi tamamilə fəaliyyətsiz duruma düşüb”.
Bunu APA-ya “Hyatt Regency” oteli kompleksinin Marketinq və Satış Departamentinin satış koordinatoru Leyla Ramazanova deyib.
L. Ramazanovanın sözlərinə görə, “Hyatt Regency”-nin standartlarına görə, otelin hər yerində təhlükəsizlik kameraları quraşdırılıb: “Onlar işə düşmədiyindən, kameralar da çəkə bilmir, yəni bu sistemdən informasiya ala bilmirik. Bununla əlaqədar planlaşdırılmış tədbirlərin hamısı təxirə salınıb və ya ləğv edilib”.
L. Ramazanova “Hyatt Regency”-nin elektrik sistemində nasazlığın bu gün səhər saatlarından yarandığını bildirib: “Biz bununla bağlı tədbirlər keçirəcək tərəflərlə əlaqə saxlayaraq məlumat vermişik”.
Qeyd edək ki, Ziyalılar Forumunun oteldə keçirilməsi nəzərdə tutulan tədbiri də baş tutmayıb.