
ABŞ-ın “Elliott Investment Management” şirkəti Rusiya təbii qazının Avropaya nəql edildiyi boru kəməri də daxil olmaqla bir sıra infrastruktur aktivlərində pay almaq üçün danışıqlar aparır.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu razılaşma Moskvanın enerji biznesinin və amerikalı investorların fəaliyyətinin bərpası üçün nümunə ola bilər. Mənbələrin sözlərinə görə, milyarder Pol Singerin rəhbərlik etdiyi Amerika şirkəti “Türk axını” qaz kəmərinin Bolqarıstandakı hissəsindən pay almaq və data-mərkəzlər şəbəkəsinə, kabel kanallarına və digər infrastruktur aktivlərinə çıxış əldə etmək istəyir.
Mənbələrin məlumatına görə, “Elliott Investment Management” artıq Bolqarıstanın dövlət operatoru “Bulqartransgaz” ilə məxfilik sazişi imzalayıb.
“Bu razılaşma Ukraynada və Almaniyada oxşar sazişlər üçün model ola bilər. Bu, Avropanın Rusiya qazından asılılığının qorunub saxlanmasına təkan verə bilər”, – deyə Sofiya Demokratiya Araşdırmaları Mərkəzinin enerji üzrə eksperti Martin Vladimirov bildirib.