ERMƏNİSTANDA DÜZƏN DƏYİŞİR
Tarix: 28-08-2013, 10:50 |
Çap et
Ermənistan hakimiyyəti ölkə Konstitusiyasına dəyişiklik edərək parlament respublikasına keçməyi müzakirə edir.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistanın hakim Respublika Partiyasının üzvü David Arutyunyan bildirib ki, bu barədə müzakirələr uzun müddətdir ki, aparılır və 2005-ci ildə ölkə Konstitusiyasına daxil edilən məsələlər qənaətbəxş deyil: "Artıq Konstitusiyaya dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı fikirlər formalaşıb. Biz müəyyən təhlükələr görürük və bunun üçün Konstitusiyaya yenidən baxılmalıdır".
Hakim partiyanın üzvü bildirib ki, parlament idarəçilik formasına keçidlə yanaşı digər hakimiyyət modelləri də müzakirə olunur: "Əsas müzakirə mövzusu ondan ibarətdir ki, Ermənistanın geosiyasi və ölkədaxili mövcud durumunda hansı idarəçilik modeli daha effektiv olacaq".
D.Arutyunyan bildirib ki, bu ilin sonuna kimi müəyyən fikir formalaşana qədər müzakirələr davam etdiriləcək.
O istisna etməyib ki, parlament respublikasına keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan Respublika Partiyasının siyahısına hazırki prezident Serj Sarksyan başçılıq edəcək və qələbə qazanılacağı təqdirdə o ölkənin baş naziri olaraq ölkə idarəçiliyini həyata keçirəcək.