HAKİMİYYƏT DAHA BİR MEQA-LAYİHƏYƏ İMZA ATIR
Tarix: 24-01-2012, 16:32 |
Çap et
BAKIDA 1 KİLOMETRDƏN UZUN BİNA TİKİLİR
Xəzərdə yeni yaşayış və biznes kompleksi – «Khazar Island» layihəsini həyata keçirən «Avesta» konserni burada tikiləcək hündür bina ilə bağlı planlarını dəyişib.
Belə ki, layihə çərçivəsində inşa ediləcək «Azərbaycan qülləsi»nin («Azerbaijan Tower») hündürlüyü 1 kilometrdən artıq olacaq ki, bu da dünyanın ən hündür qülləsi deməkdir. Bu barədə «APA-ECONOMICS»ə konsernin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.
Qeyd edək ki, bundan əvvəlki eskizlərdə «Azərbaycan qülləsi»nin mərtəbələrinin sayı 185, hündürlüyü 560 metr nəzərdə tutulurdu. Amma sonradan şirkət rəhbərliyi bu layihənin dəyişdirilərək Bakıda dünyanın ən hündür qülləsinin tikilməsini qərara alıb.
İ.Nehrəmlinin sözlərinə görə, yeni binanın hündürlüyü 1 050 metr olacaq. Bununla da «Azerbaijan Tower» ötən il Dubayda istifadəyə verilən və dünyanın ən hündür binası sayılan «Bürc Xəlifə»dən təqribən 200 metr, Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilməsi nəzərdə tutulan «Kingdom Tower» qülləsindən 50 metr hündür olacaq.
Artıq «Avesta» konserninin rəhbərliyi bu binanın tikintisini «Bürc Xəlifə»ni inşa etmiş şirkətlərlə də müzakirə edib. İ.Nehrəmlinin sözlərinə görə, «Azerbaijan Tower»in tikintisinə «Khazar Island» layihəsinin II mərhələsi çərçivəsində başlanacaq və bina 2018-2019-cu illərdə istifadəyə veriləcək.