MİKAYIL CABBAROVUN ŞƏKİDƏN XƏBƏRİ VARMI?
Tarix: 29-10-2013, 10:59 |
Çap et
Şəkinin 10 min əhalisi olan Baş Zəyzid kəndi orta məktəbsiz qalıb. Bu barədə JAM.AZ-a kənd sakinləri məlumat veriblər. Həmin məlumatda deyilir ki, kəndin orta məktəbində 1000-dən artıq şagird təhsil alırdı ki, artıq bu problem dəhşətli şəkil almağa başlayıb.
Sakinlər bildirirlər ki, 2012-ci ildə Zaqatalada zəlzələ baş verdikdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi rəylə məktəb bağlanılıb. Həmin vaxtdan sözügedən orta məktəö kənddə yerləşən xəstəxanaya və yerli İcra Nümayəndəliyinin binasına köçürülüb. Zəyzid camaatı deyir ki, uşaqlar doğum evi ilə eyni binadakı sinif otağına yaramayan otaqlarda dərs keçmək məcburiyyətində qalıblar.
Məlumatda deyilir ki, prezident seçkilərindən 20 gün əvvəl Baş Zəyziddəki orta məktəbdə guya, əsaslı təmir edilməsi adı altında işlər başlayıbmış. Bu işə başlanılan kimi, məktəbin damı sökülüb və seçkilər başa çatdıqdan sonra 1 gün belə iş görülməyib. Elə bu səbəbdən də Şəkidəki adıçəkilən kəndin sakinləri uşaqlarının təhsilindən narahat olduqlarını bildirir və bu problemin tezliklə həll edilməsini tələb edirlər.
Xatırladaq ki, hər il Şəki rayonunun Baş Zəyzid kənd orta məktəbində təhsil almış şagirdlərdən 30-40 nəfəri ali məktəblərə yüksək balla qəbul olunurlar.