"20 İL İDİ BİR -BİRİLƏRİNİ DİDİRDİLƏR"...
Tarix: 15-11-2013, 12:35 |
Çap et
Milli Şurada sədrlik məsələsi ilə bağlı ciddi fikir ayrılığı davam edir. Gülağa Aslanlının Hafta.az-a Rüstəm İbrahimbəyovla bağlı bildirdiyi: “Siyasətlə məşğul olmayan, siyasətçi olmayan bir insanın bu kimi ağır məsuliyyəti kənardan idarə etməsi mümkün deyil. Rüstəm İbrahimbəyovun əsas işi siyasət deyil” - fikrinə, “El” hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev reaksiya verdi.
Eldəniz Quliyev Hafta.az-a açıqlamasında Gülağa Aslanlının Milli Şuraya aidiyyəti olmadığını bildirdi: “Gülağa Aslanlı Milli Şuradan deyil. Milli Şurada vəziyyət başqadır. Çoxları həmsədrlik institutunun yaradılmasının tərəfdarıdır. Bu isə o deməkdir ki, Rüstəm İbrahimbəyovun sədr kimi qalmasının tərəfdarları çoxdur”.
Rüstəm İbrahimbəyovun Milli Şuradan uzaqlaşdırılmasının mümkün olmadığını bildirən Ali Məclisin sədri, onu şuranın arxitektura adlandırdı:
“Rüstəm İbrahimbəyovu necə Milli Şuradan necə çıxarmaq olar ki, şuranın yaradıcısı, arxitektura İbrahimbəyovdur. İyirmi ildir bir-birini didən müxalifəti İbrahimbəyov Milli Şuranı yaratmaqla birləşdirdi. Onun şuradan kənarlaşdırılması uğurlu fikir deyil”.
Qeyd edək ki, Milli Şuranın sədrlik məsələsi vaxtı hələ bəlli olmayan sessiyada həll olunacaq.