KEÇMİŞ BAŞ NAZİR ACLIQ AKSİYASINA BAŞLADI
Tarix: 26-11-2013, 11:00 |
Çap et
Ukraynanın sabiq baş naziri, məhbus müxalifətçi Yuliya Timoşenko müddətsiz aclıq elan edib. Noyabrın 25-i axşamdan aksiyaya başlayan müxalif lider Ukraynanın Avropa Birliyi ilə azad ticarət anlaşması və assosiativ üzvlük sazişi imzalamasını tələb edir. Tərəfdarlarına göndərdiyi müraciətdə Timoşenko deyib: “Əgər prezident Yanukoviç noyabrın 29-da Vilnüsdə assosiativ üzvlük sazişini imzalamasa, onu korrupsiyaçı metastazları ilə birgə yer üzündən silmək lazımdır”.
Ukrayna hökuməti noyabrın 21-də Avropa Birliyi ilə azad ticarət anlaşması və assosiativ üzvlük sazişi imzalanmasına hazırlıq prosesini dayandırıb. Hökumət bu addımını Rusiya və digər MDB ölkələri ilə iqtisadi münasibətlərdə itkilərlə bağlayıb. Müxalifət hökumətin arqumentlərini qəbul etmir və bu həftə Vilnüsdə keçiriləcək Şərq tərəfdaşlığı sammitində Avropa Birliyi ilə azad ticarət anlaşması və assosiativ üzvlük sazişi imzalanmasına çağırır.
2011-ci ildə Timoşenko 7 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə sabiq baş naziri 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən vəzifə səlahiyyətlərini aşaraq Ukrayna dövlətinə təqribən 187 milyon dollar zərər vurmaqda təqsirli bilib.