KEÇMİŞ REKTORLA BAĞLI İQTİDARDA QƏRARSIZLIQ VAR
Tarix: 11-12-2013, 10:39 |
Çap et
KEÇMİŞ REKTOR ZAMANINDA BİR ÇOX DAİRƏLƏRİ SUSDURMAĞA NAİL OLUB
DİA.AZ: - Hazırda Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı müəmma davam edir. Hətta bu mövzuda hakimiyyətin vahid mövqeyinin olmadığı da iddia olunur. Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı mənbə xəbər verib.
Qaynağın bildirdiklərindən belə anlaşılır ki, sabiq rektorun məsələsinə münasibətdə vahid mövqeyin olmaması onunla bağlı müvafiq hüquqi addımların atılmasını da yubatmaqdadır: «Əslində Elşad Abdullayevin interpol vasitəsilə beynəlxalq axtarışa verilməsi də sirrli bir hadisə kimi qalmaqdadır. Halbuki bu barədə rəsmi məlumat yayıldı».
Mənbəmiz bu arada maraqlı bir məlumatı da redaksiyamıza çatdırıb: «Elşad Abdullayev məsələsi elə bir həddə çatıb ki, bu gün onun həbs edilərək Azərbaycana gətirilməsini arzulamayanlar da yetərincədir. Çünki Elşad Abdullayev hələ videobombardmana başlamamışdan əvvəl bir çox ünvanları susdurmağa müvəffəq olub».
Mənbə iddia edir ki, əlindəki kifayət qədər ciddi cizli videoçəkilişlərdən özünün qorunması üçün, təhlükəsizliyi naminə istifadə edən keçmiş rektor istəyinə nail olub: «Sanki bütün dairələr susurmuş kimi bir təəssürat var. Bu da səbəbsiz deyil. Elşad Abdullayev gərəkən ünvanlara öz ismarıclarını çatdırıb. Ona görə də bu məsələdə vahid mövqe nümayiş olunmur».