VAŞİNQTON TEHRANIN SON BƏYANATLARINI MƏNASIZ ADLANDIRIB
Tarix: 16-02-2012, 12:18 |
Çap et
ABŞ İRANA CAVAB VERDİ
ABŞ rəsmiləri İranın nüvə danışıqlarına hazır olmasına dair məktubu və uran zənginləşdirilməsi ilə bağlı son bəyənatına münasibət açıqlayıb. İranın nüvə yanacağının hasilatı üzrə iki böyük irəliləyişə nail olması barədə iddialarından bir gün əvvəl bu ölkənin nüvə danışıqları üzrə nümayəndəsi Səid Cəlili danışıqların mümkün qədər tez başlamasına hazır olduqlarına dair məktub göndərib.
Obama administrasiyası isə İranın son bəyanatlarını mənasız adlandırıb və bildirib ki, Tehranın davranışı onun iqtisadi sansiyalar nəticəsində çəkdiyi sıxıntının göstəricisidir. ABŞ dövlət departamentinin mətbuat katibi Viktoriya Nuland deyib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hazırki təftişlərindən də faydalanaraq, hamıya özünün iddia etdiyi kimi nüvə proqramının tam dinc məqsəd daşıdığını göstərməlidir.
"Bir daha qeyd edim ki, biz bütün müttəfiqlərimiz, o cümlədən qonşu dövlətlərlə birlikdə sanksiyaların qüvvəyə minməsinə diqqətimizi yönəltmişik." - Viktoriya Nuland belə deyib. Onun sözlərinə görə, İranın uran zənginləşdirilməsi ilə bağlı başladığı sonuncu mərhələ də yenilik deyil və ABŞ rəhbərliyi bunu böyük xəbər hesab etmir.
ABŞ-ın nüvə eksperti Coul Rubin isə bildirib ki, İranın son bəyənatı bu məsələyə ciddi yanaşılmasının vacibliyini göstərir.