Bu vaxta qədər Ukraynadan döyüş xəbərləri əsasən Donetskdən gəlirdi. Luqanskının adı isə çox duyulmurdu. Bu gün isə Luqanskın mərkəzindəki iki strateji nöqtənin Ukrayna tərəfindən vurulduğu məlumatı yayıldı. Hədəf seçimi də təsadüfi deyildi. Biri texnikaları hərəkətə gətirən yanacaq deposu, digəri isə texnikaların təmiri və cəbhəyə göndərilməsi ilə məşğul olan təchizat məntəqəsi.
Üstəlik, bu strateji hədəflər Ukraynanın Böyük Britaniyadan uzaqmənzilli «Storm Shadow» raketlərini almasından bir gün sonraya təsadüf edir. Xatırladım ki, ABŞ Müdafiə Nazirliyinin adı çəkilməyən sözçüsü CNN-ə açıqlamasında bu raketlərin “oyun dəyişdirici” olduğunu və Ukraynada müharibənin taleyini büsbütün dəyişdirə biləcəyini bildirmişdi. Görünən budur ki, raketlərin ilk sınaqdan çıxarılması həqiqətən də Rusiya tərəfində şok effekti yaradıb. Separatçı Luqansk hərbi komandalığının rəhbəri Andrey Maroçko raketlərin ən azı 150 km uzaqlıqdan atıldığını bildirərək heyrətini gizlətməyib. Separatçı hərbi rəhbərin açıqlamasından belə anlaşılır ki, 150 km. onlar üçün əlçatmazdır və Ukrayna Ordusu Luqanskda yerləşən strateji hədəfləri rahatlıqla sıradan çıxaracaq.
Ukrayna Ordusunun Luqanskını məhz indi hədəfə almasının səbəbinə gəlincə, Donbassın xəritəsinə baxanda bunu daha aydın anlaya bilərik. Xəritədən də göründüyü kimi, Luqansk Ukrayna ilə nisbətdə Donetskin arxasında, daha doğrusu qərbində qalır. Bu da onu istər-istəməz daha təhlükəsiz hala gətirir. Zira Ukrayna əsgərləri Luqanska hücum edə bilmələri üçün ilk öncə Donetski keçməlidirlər. İndiyədək Ukrayna-Rusiya müharibəsinin Donetskdə getməsinin də əsas səbəbi bununla bağlı ola bilər. İndi isə sanki Luqansk hədəf götürülərək növbəti əks hücumların bu istiqamətdə aparılacağası təəssüratı yaranır.
Ukraynanın istər Xerson, istərsə də Xarkov döyüşlərinə nəzər salsaq, əks-hücum əməliyyatlarından əvvəl Rusiyanın təchizat xətlərini hədəfə aldıqlarını, bu xətlər dağıdıldıqdan sonra quru qüvvələrinin hərəkətə keçdiyini görə bilərik. Bu gün Luqanskda vurulan obyektlər də birbaşa təchizatla əlaqəlidir. Belə anlaşılır ki, Ukrayna Ordusu qərb cəbhəsində də böyük əks-hücumlara hazırlaşır.
Xəritədən o da görünür ki, bu gün ağır döyüşlərin getdiyi Baxmut da Donets vilayətinin ortasında və Luqanskə yaxın ərazidə yerləşir. Rus hərbi yetkililərinin, xüsusilə də “Vaqner” könüllülərinin komandanı Yevgeni Priqojinin iddialarına inansaq, Ukrayna qoşunları artıq Baxmutda çox ciddi nailiyyətlər əldə ediblər. Hətta şəhərətrafındakı cəbhə xəttini yanlardan yaran Ukraynalılar Baxmutu tamamilə mühasirəyə ala bilərlər. Məsələyə bu aspektdən nəzər salanda Luqanskdakı təchizat nöqtələrinin hədəfə alınmasının digər önəmli səbəbi ortaya çıxır. Görünən budur ki, Ukrayna Ordusu Baxmutdakı “Vaqner”çiləri tamamilə mühasirəyə alıb bu hərbi birləşməni tamamilə bitirmək istəyirlər. “Vaqner”in tamamilə bitirilməsinin təkcə hərbi-taktiki deyil, həm də hərbi-simvolik mənası var. Bu hərbi birləşmə tamamilə məhv olarsa, Rusiya Ordusu mənən çökə və işğalçıların Ukraynadan qaçışı başlaya bilər.
Digər önəmli səbəblərdən biri də Ukrayna ordusunun şimal-qərb cəbhəsini tamamilə ələ keçirmək istəyi ilə bağlı ola bilər. Məlum olduğu kimi, ötən ilin sonlarında Xersondan rus əsgərlərini Dneprin şimal sahillərinə qovan Ukrayna ordusu bu sahədə ciddi problemlə qarşılaşıb. Hazırda onunla rus ordusunun arasında keçilməsi müşkül olan Dnepr çayı dayanır. Sözsüz ki, bu maneəni keçmək Ukrayna üçün ağır itkilər bahasına başa gələ bilər. Bu durumda ən optimal yol əks-hücum əməliyyatlarına Dnepr maneəsinin olmadığı şimal-qərbdən başlamaqdır. Cənub-qərb istiqamətindən isə əks-hücumçulara artilleriya dəstəyi vermək olar.
Ən əsası isə Rusiyadan gələn əsas təchizat yolları da bu bölgədən keçir. Ukrayna əsgərləri Luqanskı nəzarət altına ala bilərlərsə, işğalçıların logistikasına da ağır zərbə vura bilərlər.
Qısası, Ukrayna Silahlı Qüvvələrinin Luqanskı hədəfə alması həm moral baxımdan Rusiya Ordusunu çökdürməyə, həm döyüş əməliyyatlarını mərkəzdən uzaqlaşdıraraq şimal-qərbə çəkməyə, həm də təchizat yollarına nəzarəti ələ keçirməyə hesablanıb.
Heydər Oğuz//ovqat.com