Ukraynada müharibə bu il də başa çatmadı. Bəziləri hesab edir ki, bu münaqişədə dünyanın gələcəyi həll olunur. Bu cür yanaşsaq, deməli, dünyanın gələcəyi daha bir il qeyri-müəyyən qalacaq.
Son zamanlar Ukrayna ilə Rusiya arasında sülh, atəşkəs və s. bu tip hansısa razılaşma ola biləcəyinə dair xəbərlər yayılır.
İddia olunur ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujni ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Gennadi Gerasimov arasında hərbi razılaşma olub. Bunu iki ölkə arasında tezliklə sülh müqaviləsinin bağalana biləcəyi kimi yozanlar da var. Onların arqumenti də zəif deyil. Çünki bir müddət əvvəl Zalujnı müharibənin dalana dirəndiyinə dair açıqlama vermiş, dəyişikliklərin olmasının vacibliyini vurğulamışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Baş komandan arasında fikir ayrılığının olduğuna dair də söhbətlər yayılır. Belə informasiyaları yayanlardan biri də Ukrayna Prezidenti administrasiyası başçısının keçmiş müşaviri Aleksey Arestoviçdir. O, tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra bir neçə dəfə bu cür ziddiyyətli fikirlər səsləndirib.
Keçmiş müşavir bildirib ki, müharibədən əvvəl və savaş zamanı yığılıb qalan çoxsaylı fikir ayrılığı legitim və qeyri-legitim usullarla tənzimlənə bilər. Onun sözlərinə görə, bu cür üsullar hərbi çevriliş, “şərti Maydan”, mərkəzi hökumətin mövqeyinin dəyişməsi və ya seçkilər ola bilər. Arestoviç əlavə edib ki, hazırkı hakimiyyət “legitimliyini itirir” və ölkənin “populyar olmayan qərarlara ehtiyacı var”.
Ukrayna Müdafiə Nazirliyində və hərbi komissarlıqlarda baş vermiş korrupsiya halları, dövlət əmlakının mənimsənilməsi barədə xəbərlər də ölkədə ruh düşkünlüyünün yaranması üçün əsas ola bilər.
Ancaq Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın Rusiya ilə sülh məsələsinə dair mövqeyi daha çox maraq doğurub. Jurnalistin “Ukraynaya Rusiya ilə danışıqlara başlamaq üçün hansı şərtlər lazımdır? Rusiya daim dialoqa hazır olduğunu bildirir. Bu barədə nə düşünürsünüz” suallarına cavabında xanım Zelenskaya deyib ki, bu sual birinci xanım üçün çox siyasidir: “Düşünürəm ki, prezident bu suala cavab verməlidir. Mən belə bir məsuliyyət daşıya bilmərəm, belə bir mandatım yoxdur. Başa düşürəm ki, bu mövzuda dediyim istənilən söz prezidentin sözləri kimi qəbul olunacaq, çünki mən ona yaxın adamam”. O, Rusiya ilə sülh danışıqlarının nə vaxtsa baş tutacağına əmindir: “Mən yalnız ümid edirəm ki, belə danışıqlar üçün şərait ən qısa zamanda yaradılacaq”.
Ukrayna Prezident Ofisinin rəhbəri Mixael Podolyak isə siyasi hakimiyyətlə hərbçilər arasında fikir ayrılığının olmadığını vurğulayıb.
Volodimir Zelenski yayda əks-hücum əməliyyatının istədikləri sürətlə getmədiyini, bunun başlıca səbəbinin vacib silahların verilməməsində olduğunu qeyd edib.
Ukrayna Prezidentinin ABŞ Konqresinin Senatında onlayn çıxışı gözlənilirdi. Ancaq son anda bu tədbirin təxirə salındığına dair məlumat yayıldı. Bunun ardınca ABŞ Senatı Ukraynaya hərbi yardımın əlavə maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin səsverməyə çıxarılmasına səs verməyib. Sənəddə Ukrayna, İsrail və Tayvana 106 milyard yardım nəzərdə tutulurdu. Onun 61 milyard dolları Ukraynaya yardıma yönəlməli idi. Qanunun qəbulunun qarşısının alınması Ukrayna ətrafında yeni spekulyativ informasiyaların yayılmasına təsir göstərəcək.
Görünür, Pentaqonun başçısı Lloyd Ostin bu tip məlumatların qarşısının alınması və ABŞ-nin Ukraynanı dəstəklədiyini vurğulamaq üçün Ukraynaya silah istehsalına 27 milyard dollar sərmayə qoyduqlarını bildirib: “Biz hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və taktiki nəqliyyat vasitələri də daxil olmaqla, kritik aktivlərin istehsalı üçün müqavilələrə təxminən 27 milyard dollar sərmayə qoymuşuq”.
Hazırda sülhün, yaxud atəşkəslə bağlı istənilən sənədin imzalanması Moskvaya daha sərfəli sayılır. Çünki o, Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsini ilhaq edib. Bununla Moskva həmin bölgələrdə möhkəmlənmək, güclənmək, danışıqlarda üstün tərəf kimi iştirak etmək imkanı əldə edib. Görünür, Rusiyada da tezliklə atəşkəs, sülh, yaxud hansısa bu tip aksiyanın baş verməyəcəyini bilirlər. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq: “Mən atəşkəs gözləmirəm. Məqsədlərimizə nail olacağımızı gözləyirəm”.
Sülh sazişi, atəşkəs kimi xəbərlərin yayılmasında Rusiyanın marağı daha çoxdur. Bu, həm onun üstünlüyünü, həm də Ukrayna hakimiyyətində başıpozuqluq, qarşıdurma olduğunu göstərmək üçün lazımdır.
Beləliklə, Ukraynanın müharibəni dayandıracağı, sülh imzalayacağı və s. kimi informasiyaların reallığı əks etdirmədiyi qənaətinə gəlmək olar. İndiki şəraitdə sülh və ya atəşkəsin bağlanması Ukrayna və onu dəstəkləyən qüvvələrin Rusiya qarşısında məğlub olması anlamına gələr. Belə bir vəziyyət isə Qərb blokunun Rusiya və onu dəstəkləyənlərin qarşısında geri çəkilməsi deməkdir.
Ancaq o da reallıqdır ki, müharibəni davam etdirmək üçün Ukraynaya yardımla bağlı qəti təminat hələ də verilmir. Bir də, vaxtı ilə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə təminat verənlər onu Krımın ilhaqında tək qoydu. Bu sazişi pozan isə ilk növbədə Rusiya oldu. Bu baxımdan, sənədlər, anlaşmalar, beynəlxalq münasibətlər, hüquq belə hallarda gücsüz olur.
Hələlik Ukraynada döyüşlər davam edir. Deməli, “dünyanın taleyinin həlli”ndən hələlik əl üzməyə dəyməz…
Müəllif: Sədrəddin Soltan - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.NET (ƏRSOYUN BLOQU)