Ukraynanın dövlət agentliyi obyektiv informasiyaya çağırır
Tarix: 3-03-2014, 10:16 |
Çap et
Ukraynanın UKRİNFORM milli informasiya agentliyi postsovet məkanındakı ölkələrin tərəfdaş agentliklərinə müraciət edib. AzərTAc xəbər verir ki, müraciətdə həm Rusiya Federasiyasının, həm də digər postsovet məkanı ölkələrinin informasiya agentliklərinə, xüsusən dövlət informasiya agentliklərinə Ukraynada, o cümlədən Krımda baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmaq çağırışı yer alır.
Müraciətdə bildirilir ki, ölkələrimizin, Ukrayna və Rusiya xalqlarının, bütövlükdə regionun gələcəyi sizin prinsipial mövqeyinizdən asılıdır: “Sizi öz vətəndaşlarınıza bu gün Ukraynada baş verən hadisələr barədə düzgün məlumat verməyə çağırırıq. Bildiririk ki, burada rusların, belarusların, gürcülərin və ya tatarların, eyni dərəcədə hər hansı digər millətin nümayəndələrinin hüquqları və maraqları heç vaxt pozulmayıb. Ürəkdən inanırıq ki, bizim kimi siz hamınız da Ukraynada qan tökülməsinə yol vermək istəmirsiniz. Buna görə də bir daha sizi açıq qardaş müharibəsinə çevrilə biləcək münaqişənin gərginləşdirilməsinin qarşısını bizimlə birlikdə, birgə səylərlə almağa çağırırıq”.