ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Respublikaçılar və Demokrat partiyalarından ABŞ-ın dövlət başçısı vəzifəsinə namizədlər hələlik rəsmi şəkildə irəli sürülməyib, lakin dörd il əvvəl olduğu kimi siyasətçilər - Donald Tramp və Co Baydenin qələbə uğrunda mübarizə aparacağı gözlənilir. “Lenta.ru” ABŞ-da prezidentlik yarışı ilə bağlı hazırda kampaniyanın necə getdiyini və onun nəticələrini araşdırıb. AYNA sözügedən araşdırmanı təqdim edir:
Birləşmiş Ştatlarda prezident seçkiləri əsas siyasi qüvvələrin - Respublikaçılar və Demokrat partiyaların nümayəndələri arasında gedəcək (1853-cü ildən yalnız bu iki partiyanın namizədləri ABŞ prezidenti olublar). Rəsmi namizədliklərin irəli sürülməsi yayda baş tutacaq.
Ehtimallara görə, noyabrın 5-də hazırkı Prezident, demokrat Co Bayden və ABŞ-ın 45-ci Prezidenti respublikaçı Donald Tramp amerikalıların səsləri uğrunda mübarizə aparacaqlar. ABŞ-da seçki yarışı yanvarın 23-də Nyu-Hempşir ştatında ilk partiyadaxili praymerizlər - Demokratlar və Respublikaçılar partiyalarının praymerizlərinin keçirilməsi ilə başlayıb. Bayden və Tramp gözlənildiyi kimi, partiyaları daxilində qalib gəldilər.
Demokrat namizəd
Bayden 2023-cü ilin aprelində ikinci müddətə namizəd olmaq planlarını açıqladı: Trampa görə təhlükədə olan Amerika demokratiyasını xilas etmək niyyətində olduğunu söylədi. Konstitusiyanın ikinci maddəsinə görə, namizədlər üçün tələblər arasında yuxarı yaş həddi yoxdur (14 ildir ölkədə yaşayan 35 yaşdan yuxarı amerikalının ABŞ Prezidenti olmaq üçün namizədliyini irəli sürmək hüququ var), lakin seçicilərin Baydenin yaşı ilə bağlı sualları var. Co 2021-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayaraq artıq ABŞ-ın ən yaşlı Prezidenti olub: dövlət başçısı kimi and içəndə onun 78 yaşı var idi. Növbəti seçkilərdə qalib gəlsə, 82 yaşında vəzifəsinin icrasına başlayacaq və səlahiyyət müddətinin sonuna kimi 86 yaşı olacaq.
“Çoxları mənim yaşıma diqqət yetirir. Anladım. İnanın, mən bunu hamıdan yaxşı bilirəm”, Co Bayden çıxışlarının birində deyib.
Baydenin Demokrat Partiyası tərəfindən namizədliyinin irəli sürüləcəyinə faktiki olaraq şübhə yoxdur, partiyadaxili praymerizlərdə ona qarşı yalnız iki az tanınan namizəd mübarizə aparır - yazıçı Marianne Williamson və Minnesotadan Nümayəndələr Palatasının üzvü olan Dik Fillips.
2020 və 2016-cı illərdə namizəd olmaq istəyən məşhur Vermont senatoru Bernie Sanders bu dəfə kampaniyada iştirak etmir. Səkkiz il əvvəl, 2016-cı ildə siyasətçi Hillari Klinton demokratların namizədi idi, lakin o, Trampa uduzmuşdu.
Seçkilərdə iştirak etmək üçün bir neçə partiyanın - prezidentliyə və vitse-prezidentliyə namizədləri irəli sürülüb. Beləliklə, hazırkı vitse-prezident Kamala Harrisin Baydenlə yanaşı, namizədliyi irəli sürülür. Xatırladaq ki, Bayden özü Barak Obamanın administrasiyası dövründə (2009-2017-ci illərdə) vitse-prezident olub.
Respublikaçı namizəd
Trampdan başqa bir neçə başqa namizəd Respublikaçılar Partiyasının prezident seçkilərində iştirak etmək arzusunu bildirdilər, o cümlədən kifayət qədər populyar keçmiş vitse-prezident (Trampın dövründə) Mayk Pens və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kriste. Lakin onlar yarışdan kifayət qədər tez geri çəkildilər - geniş dəstəyin olmadığına əmin oldular. Nyu-Hempşirdə keçirilən praymerizdən qısa müddət əvvəl Florida qubernatoru Ron DeSantis və iş adamı və yazıçı Vivek Ramasvami də paymerizdə iştirakdan imtina ediblər. İlk praymerizlərdən sonra Trampın yeganə rəqibi ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli olaraq qalır.
Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd daha sonra məlum olacaq,. Amma Tramp özü etiraf edib ki, bu, Cənubi Karolinadan olan senator Tim Skott ola bilər. DeSantis və ya Heyli də vitse-prezident postuna namizəd ola bilər.
Seçkilərin nəticələrinə dair proqnozlar
ABŞ seçkiləri həm ştatlarda, həm də bütün dünyada insanların diqqətini çəkir. Analitiklər və ekspertlər səsvermənin nəticəsini proqnozlaşdırmağa çalışırlar. Amma aydın olan odur ki, indi ABŞ-ın növbəti Prezidentinin adını dəqiq çəkmək mümkün deyil.
Rusiya Dövlət Humanitar Universitetinin Xarici Regional Tədqiqatlar və Xarici Siyasət Departamentinin rəhbəri, tarix elmləri doktoru Olqa Pavlenko hesab edir ki, Baydenin Prezident kürsüsünü saxlamaq üçün yaxşı şansı var. Ekspert hazırkı dövlət başçısının administrasiyasının müəyyən uğurlarını (“amerikalılar üçün iş yerləri yaratdı, enerji lobbisinin və hərbi sənaye kompleksinin çox ciddi maraqlarını təmin etdi”) vurğulayır, lakin eyni zamanda, qeyd edir ki, səsverməyə çox güman ki, Meksika ilə sərhəddə qeyri-qanuni miqrantlarla bağlı vəziyyətin pisləşməsi təsir edəcək.
Ümumiyyətlə, son illər ekspertlər ABŞ seçkiləri ilə bağlı dəqiq proqnoz verməkdə çətinlik çəkirlər, bəzən yanılırlar. Məsələn, 2016-cı il kampaniyası, demək olar ki, hər kəs Hillari Klintonun prezident olacağını proqnozlaşdırsa da, Tramp qalib gəldi.
Qlobal təsir
ABŞ-ın dövlət başçısının seçilməsi təkcə ölkənin özü üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. ABŞ prezidentinin qəbul etdiyi qərarlar dünya siyasətinə, iqtisadiyyatına və təhlükəsizliyinə təsir edir. Birləşmiş Ştatlar dünyanın aparıcı güclərindən biridir və onun siyasəti Amerikadan kənarda müxtəlif regionlarda baş verən hadisələrə təsir edə bilir. Belə ki, ABŞ prezidentliyinə namizədlər Ukrayna münaqişəsi, Fələstin-İsrail nizamlanması, Yəmən husiləri və İrandan gələn təhlükə, Çinlə münasibətlər və Tayvan məsələsi barədə danışacaqlar.
İqtisadiyyat
Prezidentin fiskal siyasət, ticarət, vergi və digər iqtisadi məsələlərlə bağlı qərarları qlobal iqtisadiyyata təsir edə bilər. Dünyanın bir çox ölkələri ABŞ-ın iqtisadi sabitliyindən asılıdır: bu, beynəlxalq ticarətə və dolların əsas ehtiyat valyuta kimi roluna aiddir (baxmayaraq ki, son illərdə getdikcə daha çox ölkə de-dollarizasiyaya çalışır).
ABŞ məsələn, Çinə qarşı ticarət məhdudiyyətləri tətbiq etməklə və ya sanksiyaları sənayelərə və ya bütün ölkələrə şamil etməklə digər ölkələrin iqtisadiyyatına təsir göstərə bilər. ABŞ hakimiyyət orqanları və biznesləri məsələn, Rusiya, İran və ya Venesueladan gələn yanacağa müxtəlif məhdudiyyətlər tətbiq etməklə enerji bazarına da təsir göstərə bilər. Bundan əlavə, ABŞ iqtisadiyyatındakı problemlər 2008-ci ildə olduğu kimi qlobal maliyyə böhranlarına səbəb ola bilər.
Təhlükəsizlik
Prezident xarici siyasət, o cümlədən milli təhlükəsizlik məsələləri, antiterror əməliyyatları və beynəlxalq münaqişələrə cəlb olunma ilə bağlı qərarlar qəbul edir. ABŞ İraq və Suriyada hərbi kontingentini saxlamağa davam edir və Yəməndə husilərə qarşı raket və bomba hücumlarında iştirak edir.
Məhkəmə sistemi
Prezident Ali Məhkəməyə hüquq sisteminə və mühüm məsələlərlə bağlı qərarlara təsir göstərə bilən hakimləri təyin edir. Məhkəmə qərarları cəmiyyətdə parçalanmaya səbəb ola bilər.
Sosial məsələlər
Prezidentin sosial məsələlər - səhiyyə, təhsil, bərabərlik və irqçiliklə mübarizə, silah sahibliyi, narkotik və miqrasiya böhranları ilə bağlı mövqeyi ölkə daxilində cəmiyyətə təsir edir.
İqlim və ətraf mühit
ABŞ Prezidentinin qəbul etdiyi iqlim dəyişikliyi və digər ekoloji problemlərlə mübarizə siyasəti bu problemlərin həllinə təsir göstərə bilər.
ABŞ-da prezident seçkiləri necə keçirilir?
İlkin mərhələ: namizədliyin elan edilməsidir. Potensial namizədlər prezidentliyə namizəd olmaq niyyətlərini rəsmən elan edirlər. Bu, mətbuat konfransı, press-reliz və ya sosial mediada bəyanat şəklində ola bilər. Daha sonra seçki qərargahının formalaşdırılması prosesidir. Namizədlər strategiya, maliyyə, kommunikasiya və seçicilərin səfərbərliyi üçün komandalar toplayıb, öz təşviqat qərargahlarını təşkil edirlər.
Fandreyzinq
Namizədlər seçki kampaniyasını maliyyələşdirmək üçün vəsait toplamağa başlayırlar. Onlar potensial sponsorların və donorların dəvət olunduğu məclislər və şam yeməyi təşkil edə, vəsaitlərin köçürülə biləcəyi onlayn platformalardan istifadə edə bilərlər.
Müxtəlif ştatlarda seçicilərin dəstəklədikləri partiya üçün üstünlük verdiyi namizədi seçdikləri praymerizlər keçirilir. Praymerizin qalibləri partiya qurultaylarına nümayəndə olurlar.
Partiya qurultayları - Respublikaçı və ya Demokrat partiyalarından prezident və vitse-prezidentliyə namizədləri rəsmi olaraq irəli sürdükləri milli qurultaylar keçirirlər.
Milli kampaniya və teledebat
Daha sonra namizədlərin rəsmi elanı olur. Partiya qurultaylarından sonra partiyanın rəsmi namizədləri elan edilir və milli seçki kampaniyasına başlayırlar. Sonra namizədlər əsas məsələləri müzakirə etmək üçün nəzərdə tutulmuş teledebatlarda iştirak edirlər.
Daha sonra namizədlər öz kampaniyalarını əsas ştatlara yönəldir, seçiciləri səfərbər etmək üçün mitinqlər, debatlar və reklam kampaniyaları keçirirlər. Ənənəvi olaraq, Demokrat Partiyasının və Respublikaçılar Partiyasının namizədləri dəstəkləyən ştatlar var.
Bununla belə, "yelləncək" adlanan ştatlar da var - yəni seçkidə həmin ştatlarda kimin dəstəklənəcəyini proqnozlaşdırmaq demək olar ki, mümkün deyil. Amma bu ştatlarda keçirilən seçkilərin nəticəsi çox vaxt qalibin kim olacağını müəyyən edir.
Ənənəvi “yelləncək” ştatlarına bunlar daxildir: Ayova, Arizona, Virginia, Viskonsin, Corcia, Minnesota, Miçiqan, Nevada, Ohayo, Pensilvaniya, Şimali Karolina və Florida.
Məsələn, 2000-ci ildə seçkinin nəticəsi “yelləncək” ştatlarından birində səslərin hesablanması ilə müəyyən edilirdi. Respublikaçı Corc Buş və demokrat Al Qor demək olar ki, eyni nəticələr göstərdilər, hər şey Floridada səsvermə yolu ilə həll olundu. Bir neçə dəfə təkrar hesablamalar aparıldı və işə məhkəmədə baxıldı. Nəticədə seçkilərdən cəmi bir neçə həftə sonra Buş qalib elan edildi.
Səsvermə və nümayəndə seçilməsi
Seçicilər Kollegiyasında hansı nümayəndənin namizədə səs verəcəyini müəyyən etmək üçün müxtəlif ştatlarda seçki səsverməsi keçirilir. Səsvermədən sonra seçkilərin nəticələri hesablanır. Ən çox seçici səsini (ümumilikdə 538) toplayan şəxs qalib gəlir.
Seçkidə qalib gəlmək üçün prezidentliyə namizəd 270 və ya daha çox seçici səsini almalıdır. 50 ştatdan 48-də “qalib hər şeyi alır” qaydası var, yəni ən çox seçici səsini alan namizəd bütün səsləri alır.
ABŞ tarixində üç dəfə bu, rəqibindən daha az seçici dəstəyi alan namizədin prezident olması ilə nəticələnib. Sonuncu belə hal 2016-cı ildə Trampın qalib gəldiyi vaxt baş verib.
ABŞ prezident seçki sistemi
Bu gün istifadə edilən ABŞ Prezidentinin seçilməsi mexanizmi ümumiyyətlə 1787-ci ildə qəbul edilmiş Konstitusiya ilə müəyyən edilib.
O vaxtdan bəri Konstitusiyaya aşağıdakı dəyişikliklər edildi:
12-ci düzəliş (1804). Bu, Prezident və vitse-prezidentin seçilməsi, bu vəzifələrə səsvermənin bölünməsi proseduruna aydınlıq gətirib.
15-ci düzəliş (1865). Vətəndaş müharibəsindən sonra irqindən və rəngindən asılı olmayaraq vətəndaşlara bərabər səsvermə hüququ verən düzəliş qəbul edildi.
19-cu düzəliş (1920). Qadınlar səsvermə hüququ əldə etdilər.
Digər düzəlişlər – söhbət 20-21-ci əsrlərdə müxtəlif dəyişikliklər edildi ki, bunlardan başlıcası səsvermə hüququnun genişləndirilməsinə təsir edən, partiya qurultaylarında nümayəndələrin birbaşa seçilməsinin tətbiqi, nümayəndə bölgüsündə dəyişikliklərdən gedir.
Əhəmiyyətli dəyişikliklərdən biri 1951-ci ildə 22-ci düzəlişlə iki dəfədən artıq Prezident vəzifəsini icra etmək imkanının məhdudlaşdırılmasıdır.