Ramil Səfərovu Azərbaycana verən baş nazir seçkini uddu
Tarix: 7-04-2014, 10:00 |
Çap et
Macarıstanda aprelin 6-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. “Media forum” saytı xəbər verir ki, mühafizəkar sağları təmsil edən hakim Vətəndaş İttifaqı Partiyası (FİDES) 66,83% səslə inamlı qələbə qazanıb. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi partiya 133 mandat götürüb.
Sosialist Partiyasının başçılığı ilə qurulmuş sol liberal blok 19,1% səs toplayaraq 38 mandat alıb. Ultrasağ Yobbik Partiyası (11,56% səs, 23 mandat) və Yaşıllar Partiyası (2,51% səs, 5 mandat) sonrakı yerləri tutublar.
Beləliklə, 2010-cu ildən baş nazir postunu tutan Viktor Orban yenidən təkbaşına hökumət qurmaq hüququ əldə edib. O, 1998-2002-ci illərdə də Macarıstanın baş naziri olub.
Onu da qeyd edək ki, iki il öncə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasından sonra baş nazir Viktor Orban öz ölkəsində və bəzi Avropa qurumlarında ciddi tənqid dalğasına məruz qalmış, reputasiyası zədə almışdı. Görünür, o, həmin qərarının Macarıstan üçün faydalı olduğuna öz seçicilərini inandıra bilib.