Bəşər tarixinin ən qanlı, ən dəhşətli savaşı – İkinci Dünya müharibəsi sona çatmışdı. Toplum olaraq Adəm övladları baş verən müsibətləri dərk etməyə çalışır, belə qırğınların bir daha təkrarlanmamasını təmin edəcək addımlar haqqında düşünürdülər.
Və məhz bu düşüncələrin məhsulu olaraq 24 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradıldı. BMT-nin yaradılması İkinci Dünya müharibəsi nəticəsində baş vermiş böyük insan itkilərindən və dağıntılardan sonra dünyanın yeni bir beynəlxalq təşkilata ehtiyacı olduğuna dair geniş bir razılaşmanın nəticəsi idi.
Bu təşkilatın yaradılmasının əsas məqsədləri kimi sülhün və təhlükəsizliyin, insan hüquqlarının qorunması, iqtisadi və sosial inkişafın təşviqi, beynəlxalq hüququn tətbiqi, humanitar yardım və fəlakətlərin idarə edilməsi müəyyən edildi. Və o zamandan bəri hər il 24 oktyabr tarixi BMT Günü kimi qeyd edilir və təşkilatın məqsəd və vəzifələrini, eləcə də onun dünyada oynadığı rolu diqqət mərkəzinə gətirir.
Avazı yaxşı gəlirdi
Bu yerdə qədim Azərbaycan deyimi yada düşür: “Avazın yaxşı gəlir, oxuduğun “Quran” olsa”. Təəssüf ki, çox qısa zamanda BMT bəyan edilmiş prinsiplərindən geri çəkildi, dünyanın nəhəng mərkəzləri tərəfindən idarə olunmağa başladı və faktiki olaraq onların maraqlarının daşıyıcısı funksiyasını həyata keçirdi.
Üç gün öncə BMT-nin yarandığı gün idi. İndiki məqamda sözlərimizi təsdiq etmək üçün tarixi ekskursa ehtiyac duymuruq. Sadəcə son 30 ildə sözügedən qurumun Azərbaycana dair yürütdüyü siyasətə və davranışına nəzər salmaq haqq olduğumuzu isbatlamaq üçün kifayətdir.
BMT-yə erməni badalağı
BMT-nin Azərbaycanla bağlı ən vacib qərarlarından biri Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etməsi ilə bağlı qəbul edilən dörd əsas qətnamədir. 1993-cü ildə qəbul edilmiş bu qətnamələrdə Azərbaycan torpaqlarının işğalının qanunsuz olduğu vurğulanmış, Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Qətnamələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi və Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu önə çəkirdi.
Lakin bu qətnamələrin heç biri İrəvan tərəfindən yerinə yetirilmədi və beynəlxalq ictimaiyyət tərəfindən də effektiv şəkildə həyata keçirilmədi. Necə deyərlər, “dəyirman öz işində, çax-çax baş ağrıtdı”. Və bu proses, nə az, nə çox – 30 il davam etdi. Baxmayaraq ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaqla beynəlxalq hüququn ən vacib prinsiplərini pozurdu - hər gün, hər saat, hər an.
Amma bu illər ərzində işğalçıya gözün üstündə qaşın var deyən olmadı. BMT-nin qətnamələri də lazımsız sənədlər kimi unuduldu, kənara atıldı. Bədnam qonşularımızın bu davranışı yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq hüquq sistemi üçün ciddi bir zərbə oldu. Qətnamələrin yerinə yetirilməməsi BMT-nin nüfuzunu heçə endirdi və təşkilatın effektivliyini sual altında qoydu. Azərbaycanın illərlə bu qətnamələrin icrasını tələb etməsinə baxmayaraq, Ermənistanın işğalçı hərəkətləri nəinki cəzalandırılmadı, hətta müəyyən hallarda BMT daxilində və digər beynəlxalq strukturlarda dəstək gördü.
Prezidentdən islahat çağırışı
Əslində, BMT-nin dişsizliyi və qərəzli mövqeyi yalnız Azərbaycana qarşı sərgilənmirdi. Planetin müxtəlif guşələrindən bu beynəlxalq qurumun artıq, demək olar, formal xarakter daşıdığı, məhdud sayda ölkələrin maraqlarına xidmət etdiyi barədə səslər eşidilir.
Elə Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə BMT-nin struktural dəyişikliklərə ehtiyacı olduğunu və mövcud sistemin ədalətsiz olduğunu vurğulayıb. Xüsusilə, 2020-ci ilin sentyabrında baş verən 44 günlük Vətən müharibəsindən, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Əliyev BMT-nin illərlə fəaliyyətsizliyini tənqid etdi. Dövlət başçısı münaqişənin həllində BMT-nin rolunun çox az olduğunu və qətnamələrin həyata keçirilməməsinin təşkilatın beynəlxalq nüfuzuna ciddi zərbə vurduğunu açıq şəkildə bildirdi. Prezident BMT-nin daha ədalətli və bütün ölkələrə bərabər yanaşan bir qurum kimi yenidən qurulmasının vacibliyini vurğuladı.
Elə 44-günlük müharibə, hər iki tərəfdən minlərlə insanın ölümü dolayısı ilə BMT-nin fəaliyyətsizliyindən və müasir dünya düzəni ilə ayaqlaşmamasından irəli gəlmirdimi? 2020-ci ildə Azərbaycan ordusunun Ermənistanı məğlub edərək BMT qətnamələrinin icrasını faktiki olaraq öz gücü ilə təmin etməsi bu beynəlxalq strukturun münaqişələrin həllində nə qədər təsirsiz olduğunu bir daha ortaya qoydu.
Hamı gözləyir
BMT-nin hazırkı strukturu, xüsusilə Təhlükəsizlik Şurasının veto hüququna malik beş daimi üzvünün fəaliyyəti təşkilatın ədalətli və balanslı bir qurum kimi fəaliyyət göstərməsinə mane olur. BMT-də struktur dəyişikliyi ilə bağlı müzakirələr illərdir davam edir, lakin bu sahədə hələ də əhəmiyyətli irəliləyiş əldə olunmayıb. Bu dəyişikliklərin həyata keçirilməsi üçün dünya miqyasında daha güclü siyasi iradə tələb olunur.
Azərbaycan kimi dövlətlər üçün BMT-nin struktural dəyişiklikləri beynəlxalq hüququn daha effektiv şəkildə tətbiqinə imkan yarada bilər. Xüsusilə kiçik və orta dövlətlər üçün bərabər təmsilçilik və söz haqqı təşkilatın ədalət prinsiplərinə uyğun olaraq yenidən qurulması üçün vacibdir.
Ölünün də qıdığı gələr?
Yuxarıda vurğuladığımız kimi, 24 oktybar BMT Günü kimi qeyd edilir. Elə həmin gün, cümə axşamı Nyu-Yorkda, Təşkilatın əsas mənzil-qərargahında dünya dövlətlərinin nümayəndələri bir araya gəldilər, bəyanatlar verdilər. “Bayram tədbirinə” toplaşdılar yəni...
Amma etiraf etməliyik ki, onlar bu toplantıda daha çox xırıldayan ölümcül xəstənin yatağı ətrafına yığışan dost-aşnanı xatırladırdılar. Həqiqətən də, BMT can üstədir. Kim bilir, bəlkə də, artıq ölüb, sadəcə torpağa, daha doğrusu tarixin yaddaşına gömmək lazımdır.
Ayna.az