Yaxın Şərqdə İsrail və Livan arasında yeni atəşkəsin əldə edilməsindən sonra sabitliyin yaranacağı gözlənilsə də, Suriyada artan gərginlik bunun tam əksini göstərir. “Heyət Təhrir əş-Şam” qrupu ilə Əsəd hökumətinə bağlı qüvvələr arasında yeni bir münaqişə yaranıb və qarşıdurma Hələb istiqamətində davam edir. Əslində, Əsəd əleyhinə olan müxalif qüvvələrlə hökumət qüvvələri arasında həssas bir atəşkəs mövcud idi. Lakin indi atəşkəsin pozulması göstərir ki, bu qrupun irəliləyişini dayandırmaq mümkün deyil. Onlar qısa müddətdə Hələb şəhərinə qədər irəliləyiblər və əraziyə nəzarət etmək üçün strateji mövqelərdən istifadə edirlər.
Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Suriyada “Təhrir əş-Şam” qruplaşmasının Hələb istiqamətində hücumunu və onlarla kəndi ələ keçirməsini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, hadisələrin inkişafı Suriyadakı böhranın asanlıqla çözülməyəcəyini göstərir:
“Bəşər Əsəd qüvvələrinin bu vəziyyətin qarşısını necə alacağı sual doğurur, xüsusilə də Rusiya və İranın onun ən böyük dəstəkçiləri olduğunu nəzərə alsaq. Bu hadisələr sanki Ukrayna-Rusiya müharibəsinin bir cəbhəsinin Suriyada açıldığını göstərir. ABŞ-ın yeni rəhbərliyi Ukrayna müharibəsini dayandırmaq istəyirsə, bu dəfə Suriyada yeni bir müharibə cəbhəsinin açılmasına hazır olmaq məcburiyyətində qalacaq.
Suriyadakı qarşıdurmaların dayandırılması və vəziyyətin stabilləşdirilməsi məsələsində İran və Rusiyanın nə qədər maraqlı olacağını yaxın günlərdə görəcəyik. Hücumların sürəti və qətiyyətindən isə görünür ki, “Təhrir əş-Şam” qrupu daha da irəliləmək və Yaxın Şərqdə yeni müharibə alovu yaratmaq niyyətindədir”.